Eltun Süleymanov: "Azərbaycan beynəlxalq platformalarda təşəbbüskar mövqeyini gücləndirir"

Aprelin 9-da ADA Universitetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forum baş tutub. Bu forum qlobal siyasətin, beynəlxalq münasibətlərin və yeni yaranmaqda olan geosiyasi trendlərin müzakirəsi üçün önəmli bir platforma kimi təşkil olunub. Dünyanın müxtəlif ölkələrindən tanınmış beynəlxalq ekspertlər, siyasi analitiklər, alimlər və diplomatlar forumda iştirak edərək müasir çağırışlara dair fikir mübadiləsi aparıblar. Forum müasir dövrdə baş verən geosiyasi dəyişikliklər fonunda qlobal güc balansının dəyişməsi, regional münaqişələr, müstəqil dövlətlərin suverenlik hüquqları, eləcə də beynəlxalq hüququn rolu kimi əsas məsələləri gündəmə gətirib. Forumda iştirak edənlər yeni dünya nizamının formalaşmasında beynəlxalq aktorların məsuliyyəti və rolunu da geniş şəkildə müzakirə ediblər.
Bu sözləri aia.az-a açıqlamasında ictimai fəal Eltun Süleymanov deyib.
Müsahibimiz deyib ki, Forumun əsas məqsədi, beynəlxalq ictimaiyyət üçün aktual olan məsələləri, o cümlədən regional və beynəlxalq təhlükəsizlik çağırışları, post-münaqişə dövründə bərpa və inkişaf məsələləri, yeni dünya nizamında inkişaf etməkdə olan ölkələrin rolu, Azərbaycanın geosiyasi mövqeyindən doğan yeni imkanlar və çağırışlar üzrə fikir mübadiləsini təşviq etmək və ortaq baxışlar formalaşdırmaqdır. Forumun hədəfləri arasında isə Azərbaycanın beynəlxalq platformalarda təşəbbüskar mövqeyinin gücləndirilməsi, Qlobal və regional məsələlərə dair obyektiv və peşəkar yanaşmaların paylaşılması, Müstəqil siyasət yürüdən ölkələr üçün əməkdaşlıq və təcrübə mübadiləsi imkanlarının yaradılması, Post-münaqişə dövründə Azərbaycanın uğurlu siyasətinin dünya ictimaiyyətinə çatdırılması, Gələcəkdə regional sabitliyin və dayanıqlı inkişafın təmin olunmasına yönəlik tövsiyələrin hazırlanması yer alıb. Forumun açılışında çıxış edən cnab Prezident İlham Əliyev bildirib ki, bu cür tədbirlər Azərbaycan üçün yalnız ölkəni tanıtmaq baxımından deyil, həm də beynəlxalq müzakirələrin mərkəzinə çevrilmək üçün əhəmiyyətli platformadır: “Müxtəlif ölkələrdən olan beynəlxalq ekspertlərin böyük bir qrupu qlobal gündəlikdə duran mühüm məsələləri müzakirə etmək üçün Azərbaycanı yeddinci dəfədir ki, ziyarət edir. Eyni zamanda, bu səfərlər Azərbaycanı daha da yaxşı tanımağa, ölkənin nəbzini tutmağa xidmət edir.” Prezident, eyni zamanda, forum iştirakçılarının Xankəndiyə səfərinin və işğaldan azad edilmiş ərazilərlə yerində tanış olmalarının Azərbaycan reallıqlarını anlamaq baxımından mühüm olduğunu vurğulayıb. “Hesab edirəm ki, bu gün Azərbaycanın reallığını rayonlara səfər ən yaxşı nümayiş etdirir. Xüsusilə dağıdılmış və ermənilərin işğal etdiyi rayonları nəzərdə tuturam.” Dövlət başçısı əlavə edib ki, Azərbaycanın tarixi ərazilərinin azad edilməsindən sonra beynəlxalq ekspertlərin həmin ərazilərə müntəzəm səfərləri ölkənin tarixi ilə bağlı daha dolğun məlumat əldə etmələrinə imkan verir: “Onlara münaqişənin tarixi və İkinci Qarabağ müharibəsində şanlı Zəfərimizdən ayrılması mümkün olmayan Azərbaycanın bugünkü reallığı və beynəlxalq dəstək olmadan ölkənin ərazi bütövlüyünün öz gücü və siyasi-hərbi yolla bərpası ilə bağlı unikal presedent haqqında məlumat verir.” Prezident forum iştirakçılarının Xankəndiyə səfər etdiyini vurğulayaraq, bu şəhərin Ermənistan tərəfindən dəstəklənən separatçı hərəkata başlanğıc nöqtəsi olduğunu xatırladıb: “Əslində, Ermənistanın dəstəklədiyi və maliyyələşdirdiyi separatçı hərəkat bu şəhərdə, Azərbaycanın əzəli torpağında başlamışdır. Xankəndi adının özü onun Azərbaycan mənşəyini və kökünü, Xanın kəndi olduğunu nümayiş etdirir.” Cənab Prezident qeyd edib ki, 1923-cü ildə Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması ilə təməli qoyulmuş separatizm prosesi, əslində, zamanla partlayacaq bir "bomba" idi və bu, müxtəlif maraqlı tərəflər tərəfindən münaqişəni siyasi alətə çevirmək məqsədilə istifadə olundu. “Biz buna, əslində, suverenliyimiz uğrunda döyüşdə son nöqtə olan, 24 saatdan az davam edən hərbi əməliyyatla bir il yarım bundan əvvəl son qoyduq.” Prezident İlham Əliyev forumun Azərbaycanın reallıqlarını daha yaxından tanıtmaq baxımından əhəmiyyətini xüsusi vurğulayıb və bildirib ki, “Hesab edirəm ki, bu gün Azərbaycanın reallığını rayonlara səfər ən yaxşı nümayiş etdirir. Xüsusilə dağıdılmış və ermənilərin işğal etdiyi rayonları nəzərdə tuturam.” Sonda cənab Prezident müzakirələrin davam etdirilməsinin və beynəlxalq ekspertlər arasında əməkdaşlığın yeni yanaşmaların formalaşmasına kömək edəcəyini ifadə edib: “Əminəm ki, dünənki və bugünkü müzakirələr və ekspertlər arasında qarşılıqlı əlaqələr bizə birgə yanaşmaları hazırlamağa və keçən dəfə, ötən il görüşdüyümüzdən bəri tamamilə fərqli olan sürətlə dəyişən dünya ilə bağlı fikirlərimizin mübadiləsinə kömək edəcək.” “Yeni dünya nizamına doğru” forumu Azərbaycanın artan beynəlxalq nüfuzunun göstəricisi olmaqla yanaşı, həm də ölkənin qlobal debatlara töhfə verən bir aktora çevrildiyini sübut edir. Bu forum vasitəsilə Azərbaycan yalnız regional deyil, həm də qlobal məsələlərin müzakirəsində fəal iştirak edən və təşəbbüs göstərən bir dövlət kimi çıxış edir-deyə Eltun Süleymanov fikrini tamamlayıb.