» Səttar Möhbalıyev: “Ölkəmizdə 2003-cü ildən bəri gedən bütün mütərəqqi proseslər Heydər Əliyev siyasi xəttinin uğurlu davamıdır”

Səttar Möhbalıyev: “Ölkəmizdə 2003-cü ildən bəri gedən bütün mütərəqqi proseslər Heydər Əliyev siyasi xəttinin uğurlu davamıdır”

  • 11-12-2024, 12:56
  • ---
  • 0
  • 21
Səttar Möhbalıyev: “Ölkəmizdə 2003-cü ildən bəri gedən bütün mütərəqqi proseslər Heydər Əliyev siyasi xəttinin uğurlu davamıdır”


“Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyev bir xalqın müstəqillik əldə etmək üçün necə böyük əziyyətlər çəkməli, qurbanlar verməli və əziyyətlərə qatlaşmalı olduğunu və bu ağır sınaqdan heç də bütün dövlətlərin uğurla çıxa bilmədiyini hamıdan daha yaxşı bilirdi. Buna görə də Ümummilli Liderimiz müstəqilliyə aparan yolun ağırlığını bir kəlmə ilə ifadə edərək belə demişdir: “Müstəqillik yolu qədər çətin yol yoxdur”. Azərbaycan isə öz müstəqillik yolunda ən ağrılı-acılı faciələrlə qarşılaşmalı oldu. Lakin ən vacibi budur ki, bu faciələrdən ən böyüyü, müstəqilliyimizin itirilməsi baş vermədi. 1993-cü ildə artıq başlanmaq üzrə olan vətəndaş müharibəsinin fonunda Azərbaycanın parçalanmasının və suveren dövlət kimi mövcudiyyətinə son qoyulmasının qarşısını xalqın xilaskar oğlu, Ulu Öndər Heydər Əliyev aldı.”

Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Deputat qeyd edib ki, 2020-ci ildə torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələnmiş Vətən müharibəsində tarixi Qələbənin əldə olunmasında ən vacib amil kimi çıxış edən ordu quruculuğu işinin də əsası Azərbaycanda məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuşdur: “Bir ay bundan öncə Azərbaycan xalqı Vətən müharibəsində əldə etdiyi tarixi Qələbənin dördüncü ildönümünü böyük təntənə ilə qeyd etdi. Hamımız bilirik ki, xalqımızı bu möhtəşəm Zəfərə gətirən yolun ən önəmli hissəsi Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızın 2003-2020-ci illər ərzində keçdiyi mühüm hazırlıq dövrü olmuşdur. Məhz bu illər ərzində Azərbaycan öz iqtisadiyyatını daha da gücləndirmiş, müasir, yüksək döyüş qabiliyyətinə malik olan ordu yaratmış, beynəlxalq mövqelərini möhkəmlətmiş, ölkə daxilində ən yüksək səviyyədə milli birlik və həmrəylik mühiti formalaşdırılmış və yalnız bütün bu hazırlıqlar uğurla başa çatdırıldıqdan sonra şanlı Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanımızın əmri ilə irimiqyaslı hərbi əməliyyatlara başlayaraq, qısa müddət ərzində Vətən torpaqlarını işğaldan azad etmişdir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev öz çıxışlarında dəfələrlə vurğulamışdır ki, ölkəmizdə 2003-cü ildən bəri gedən bütün mütərəqqi, xalqın rifahına və dövlətin mənafelərinə xidmət edən proseslər yalnız və yalnız Heydər Əliyev siyasi xəttinin və Ulu Öndərin müəllifi olduğu inkişaf strategiyasının davamıdır. O cümlədən, tarixi Qələbəmizin əldə olunmasında müstəsna rol oynamış ən mühüm amillərdən biri əlbəttə ki, güclü ordu faktorudur. Birmənalı olaraq demək lazımdır ki, Azərbaycanda ordu quruculuğu işinin əsasları da məhz Ulu Öndərin 1969-1982-ci illərdə respublikaya rəhbərlik etdiyi dövrdə qoyulmuşdur. Yalnız Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra, ümummilli liderimizin gərgin səyləri və müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlandı. Ulu Öndər 1971-ci ildə görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi məktəbin yaradılmasına nail oldu. Bu proses ümummilli liderimiz tərəfindən artıq müstəqillik illərində daha böyük vüsətlə davam etdirilmişdir. Hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədi ilə 1999-cu il yanvarın 20-də Ulu Öndər Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının yaradılması haqqında fərman imzalamışdır. Akademiyanın təsis olunması hərb sahəsində milli kadr ehtiyatının formalaşdırılması prosesinin keyfiyyət etibarı ilə yeni inkişaf mərhələsinə keçidi təmin etdi. Həmçinin 2001-ci il 20 avqust tarixli fərmanla Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırılmış və bununla həmin təhsil ocaqlarının respublika üzrə hərbi təhsil müəssisələri sistemində statusu yüksəldilmişdir.”

Həmçinin S.Möhbalıyev ordu quruculuğu işinin bu gün də davam etdirilməsinin son dərəcə vacib məsələ olduğunu vurğulayıb: “Çox vacib məqamlardan biri də budur ki, Vətən müharibəsi başa çatdıqdan sonra da ölkəmizdə ordu quruculuğu işi nəinki səngimədi, əksinə cənab Prezident İlham Əliyevin müdrik siyasəti syəsində bu proses daha geniş vüsət aldı. Son dörd ildə şahidi olduğumuz hadisələr də bu qərarın düzgünlüyünü dəfələrlə sübut etmiş oldu. Vətən müharibəsinin nəticələrindən dərs almayan Ermənistan bəzi xarici qüvvələrin dəstəyi və təhriki ilə ölkəmizə qarşı revanşist planlar cızmağa başlamışdı. Lakin Azərbaycan bu cəhdlərin də qarşısını qəti tədbirlərlə aldı. Ötən ilin sentyabr ayının 19-da keçirilmiş antiterror tədbirinin nəticəsində isə, ölkəmiz Qarabağda mövcud olan separatçı rejimin tam süqutuna və artıq bütün ərazisində suverenliyinin bərpasına nail oldu.”
Fikirlərini davam etdirən deputat daha sonra bildirib ki, Vətən müharibəsində əldə olunmuş tarixi Qələbəni şərtləndirən digər bir mühüm amil də ölkəmizdə formalaşmış milli birlik və həmrəylik mühitidir: “Qeyd olunmalıdır ki, Ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili siyasətin nəticəsi kimi təzahür edən bu faktor da Ulu Öndər Heydər Əliyevin milli-mənəvi dəyərlərimizin qorunması və inkişafı istiqamətində həyata keçirdiyi, dövlətin milli mənafeləri baxımından müstəsna əhəmiyyət kəsb edən tədbirlərin əsasında formalaşmışdır. Bu gün bütün dünya azərbaycanlıları üçün vahid birləşdirici faktor olan Azərbaycançılıq ideologiyasının əsasını qoymaqla, Ulu Öndər milli-mənəvi dəyərlər sistemimizi daha da gücləndirmiş, aşınmadan xilas etmişdir. Milli-mənəvi dəyərlərimizə qayıdışın və milli oyanışın xalqımız üçün gərəkliliyini nəzərə alan, hər zaman bu məsələni diqqət mərkəzində saxlayan ümummilli lider Heydər Əliyev bu sahədə inqilabi addımların atılmasına zəmin yaratmışdır. Hələ 1969-1982-ci illər ərzində Azərbaycana rəhbərlik etdiyi dövrdə Heydər Əliyev tərəfindən siyasi-ideoloji müstəvidə görülən işlər milli inkişaf və həmrəyliyimizin təminatçısı qismində çıxış etmişdir. Milli-ideoloji siyasətin tərkib hissəsi kimi, 1978-ci ildə ulu öndərin təşəbbüsü və gərgin səyləri sayəsində Azərbaycan SSR-in Konstitusiyasına “Azərbaycan dili Azərbaycan SSR-in rəsmi dövlət dilidir” maddəsi daxil edildi. Bu, milli ideologiyamızın funksional vahidi olan milli dilimizin mühafizəsi və təbliği baxımından mühüm tarixi əhəmiyyətə malik addım oldu. Bunun ardınca milli-mənəvi dəyərlərin qorunması istiqamətində əhəmiyyətli tədbirlər görüldü. Ulu Öndər Heydər Əliyev, eyni zamanda Azərbaycan multikulturalizminin də əsasını qoymuşdur. Azərbaycan xalqının təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gələn Ümummilli Lider ölkədə mövcud olan xaos və özbaşınalığa son qoymuş, ölkəmizi vətəndaş qarşıdurması kimi böyük bəlalardan xilas etmişdir. Belə bir dövrdə Azərbaycanda yaşayan bütün xalqların və dinlərin nümayəndələrinin ortaq dəyərlər ətrafında birləşməsinə ehtiyac var idi. Ulu Öndər Azərbaycançılıq məfkurəsinin prinsiplərini bəyan etməklə ölkəmizin inkişaf və tərəqqisinin təməlini qoydu. Milli ruhun yüksəlməsi, milli özünüdərkin inkişafı və xalqın tarixi yaddaşının özünə qaytarılması kimi fundamental prinsip və vəzifələrə xidmət edən Azərbaycançılıq məfkurəsi dövlətin qüdrətinin artırılmasında real siyasi amilə çevrildi” – deyə, Səttar Möhbalıyev fikirlərini tamamlayıb.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Dekabr 2024    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Qalereya