Eltun Süleymanov: Cənab Prezident sübut etdi ki, iki qonşu dövlət öz aralarında daha asan və tez dil tapa bilər.”
“Məlum olduğu kimi aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə razılıq əldə olunub.
Belə ki, delimitasiya prosesinin ilkin mərhələsində tərəflər sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun süqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq Bağanis (ER) - Bağanis Ayrım (AR), Voskepar (ER) - Aşağı Əskipara (AR), Kirants (ER) – Xeyrimli (AR) və Berkaber (ER) - Qızılhacılı (AR) yaşayış məntəqələri arasında bilavasitə keçməsini razılaşdırıblar. Mübahisəli olmayan kəndlərin Azərbaycana qaytarılması isə delimitasiya və demarkasiya prosesində aktivləşməyə, həm də müsbət əhval-ruhiyyənin formalaşmasına gətirib çıxaracaq. Əlbəttə ki, mərhələli şəkildə digər anklav kəndlərimiz də geri qaytarılacaq. Ermənistan bu kəndlərin qaytarılmamasını yeni müharibə səbəbi kimi görürdü. Paşinyan özü dəfələrlə bunu demişdi. Azərbaycanın da beynəlxalq hüquqla buna tam haqqı var idi. Rəsmi İrəvan cənab Prezident İlham Əliyevin qəti mövqeyini bildiyindən bu məsələdə vaxtında və doğru seçim etməklə özünü çətin vəziyyətdən xilas etmiş oldu.
Bu sazişlə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev döyüş meydanında qazanılan qələbəyə danışıq masasında daha bir qələbə əlavə etmiş oldu.”
Bu sözləri aia.az-a verdiyi açıqlamada Nəsimi RİH-nin yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.
Müsahibimiz qeyd edib ki, “Rəsmi Bakı razılaşmaya mühüm bir əlavə də daxil edib. Razılaşmanın “delimitasiya prosesində Alma-Ata bəyyanəməsinə əsaslanacaq” hissəsində qeyd olunur ki, “əgər gələcəkdə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin qurulması haqqında Sazişdə başqa cür qərara gəlinərsə, o zaman Əsasnamənin müvafiq bəndi bu Sazişlə müəyyənləşdirilmiş prinsiplərə uyğunlaşdırılacaq”.
Bu isə o deməkdir ki, delimitasiya prosesində Alma-Ata bəyannaməsi Qazaxın kəndlərinin qaytarılması məsələsində keçərlidir, sərhədin digər hissələrinin müəyyənləşməsində qüvvədən düşə bilər. Həmçinin Paşinyanın dəfələrlə bəyan etdiyi “Güzgü prinsipi” – qoşunların geri çəkilməsi məsələsi qəbul edilmir.Və Azərbaycan keçmiş xəritələri - sovetləşmə dövründə Ermənistana bağışlanmış ərazilərimizlə bağlı məsələni aktual olaraq saxlayır.
Eltun Süleymanov sonda qeyd edib ki, “heç şübhəsiz, 4 qeyri-anklav kəndin bir güllə atılmadan, qan tökülmədən Azərbaycana qaytarılması dövlətimizin və Prezident İlham Əliyevin növbəti qələbəsidir. Ümumiyyətlə, 44 günlük müharibədə möhtəşəm qələbə, 2023-cü ilin sentyabrında suverenliyin tam bərpası, rusiyalı sülhməramlıların bölgədən çıxmasından sonra 4 qeyri-anklav kəndin qaytarılması Azərbaycan torpaqlarını addım-addım, qarış-qarış geri qaytaran cənab İlham Əliyevin xalqa növbəti hədiyyəsi və müjdədir.
Azərbaycanın guya Ermənistana hücum etməyə hazırlaşması, Ermənistan ərazisində hərbi hədəflərin olmasına dair Fransa və digər Qərb dövlətlərinin cəfəng təbliğatı da bir daha ifşa olundu. Azərbaycan ABŞ və Aİ-nin bu məsələlərə müdaxiləsinə imkan vermədi. Ermənistan və Azərbaycan birgə qarşılıqlı anlaşma şəraitində dil tapıb məsələni həll etdilər. Ona görə bəzi Qərb dövlətləri və neoimperialist dairələr nə qədər proseslərdən uzaq dayansalar, Cənubi Qafqazda sülh və əmin-amanlıq o qədər tez təmin olunacaq.
Ölkəmizin başçısı bu diplomatik gedişlə sübut etdi ki, digər qüvvələrin məsələyə müdaxilə etməməsi sülhə gedən yolda maneənin aradan qalxmasıdır və iki qonşu dövlət öz aralarında daha asan və tez dil tapa bilər.”