» Xalqın sevgisini qazanan alim

Xalqın sevgisini qazanan alim

  • 15-04-2024, 12:31
  • ---
  • 0
  • 129
Xalqın sevgisini qazanan alim


Sabirabad FHN rəisi Elgün Mirzəliyev - Dünya oftalmologiya elminə böyük töhfələr vermiş akademik Zərifə xanım Əliyevanın zəngin elmi irsi, apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifələrini təşkil edir. Görkəmli alimin keçdiyi şərəfli ömür yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim va həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir.

Zərifə xanımın apardığı fundamental tədqiqat işi traxomanın müalicəsi və onun ağırlaşdığı hallarda daha təsirli vasitələrin öyrənilməsinə, o dövr üçün yeni olan geniş antibakterial spektrlərlə yanaşı, antixlamedik fəallığa malik antibiotik sintomisindən istifadə olunmasına həsr edilmişdir. Uğurlu tədqiqatların nəticələri əsasında hazırladığı "Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi" mövzusunda namizədlik dissertasiya işini Zərifə xanım 1960-cı ildə müvəffəqiyyətlə müdafiə etmişdir.

Zərifə xanımın böyük humanizmi onun respublikanın şəhər və rayonlarını bir-bir gəzərək, xəstəliyin yaranma səbəblərini araşdırmasında və xəstəlik ocaqlarında kompleks şəkildə müalicə-profilaktik tədbirləri həyata keçirməsində təzahür edirdi. Böyük alim uşaq evlərində tərbiyə alan kimsəsiz uşaqlar arasında yayılan traxoma xəstəliyinin qarşısını almaqda xüsusi xidmətlər göstərmişdir.

Traxoma xəstəliyinin öyrənilməsi və müalicəsi üzrə elmi işləri yekunlaşdırdıqdan sonra Zərifə xanım oftalmologiya elmi üçün vacib olan digər istiqamətlərdə tədqiqatlar aparmağa başlayır. O, qlaukoma xəstəliyinin öyrənilməsi ilə bağlı bir sıra tədqiqat işləri aparır. Həmin tədqiqatların nəticələrindən bəhs edən elmi işlərin mətbuatda dərc olunması klinik göz xəstəliyi sahəsində çalışan həkimlərin biliklərinin genişlənməsinə böyük kömək olmuşdu.

Bir sıra ciddi elmi istiqamətlərlə yanaşı Zərifə xanım Əliyeva 1968-ci ildən başlayaraq məqsədyönlü şəkildə görmə orqanının patologiyası ilə məşğul olmağa başlamış, xüsusilə, neft-kimya sənayesində çalışan şəxslərin görmə orqanlarına təsir edən amillərə əsas diqqət yetirmiş, bilavasitə sənaye müəssisələrində olmuş, zərərli peşə sahələrində çalışan şəxsləri oftalmoloji müayinədən keçirmişdir. Qeyd etmək istəyirəm ki, Zərifə xanım Sumqayıtın da bir sıra sənaye müəssisələrinin sexlərində laboratoriya şəraitində elmi təcrübələr aparmışdır. Genişmiqyaslı klinik və təcrübi tədqiqatlar nəticəsində alim zəhərli maddələrin görmə orqanına təsirinin əsas qanunauyğunluğunu aşkara çıxara bilmişdir.

Apardığı çoxillik fundamental elmi-tədqiqat işlərinin, klinik tədqiqatların və eksperimentlərin nəticələri Zərifə xanım Əliyevanın «Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti» mövzulu doktorluq dissertasiyasının əsasını təşkil etmişdir. O, oftalmologiyanın bu sahəsində ilk işlərdən biri olmuş dissertasiya işini dünyanın ən nüfuzlu oftalmologiya mərkəzlərindən birində – H.Helmqolts adına Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda müdafiə etmişdir.

Azərbaycan tibb elmində silinməz izlər qoymuş, səhiyyəmizə böyük töhfələr vermiş akademik Zərifə xanım Əliyevanı xatırlayanda həm də göz önündə nəcib Azərbaycan qadını, vəfalı ömür-gün yoldaşı, fədakar ana obrazı görürük. Zərifə Xanım Əliyevanın xalqımıza ən böyük töhfəsi son 20 ildə Ulu Öndər Heydər Əliyevin memarı və qurucusu olduğu müasir, müstəqil Azərbaycanın daha da inkişaf edib çiçəklənməsinə, dünyada layiqli yer tutmasına nail olan, əsl vətəndaş kimi böyüdüb boya-başa çatdırdığı və cəmiyyətimizə bəxş etdiyi övladı, möhtərəm Prezidentimiz İlham Əliyevdir. Bu gün hər kəsin qürur hissi tarixi Zəfərindən danışdığı dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi: “Mənim anam əsl alim idi.  O, tibbin bütün incəliklərini öyrənməyə səy göstərirdi. Bununla bərabər mənimlə, Sevillə məşğul olmağa, bizi Azərbaycanın layiqli vətəndaşları kimi tərbiyə etməyə, böyütməyə vaxt tapırdı. O, həmişə mənim qəlbimdədir.”

Bəli, Zərifə xanım Əliyeva, həyatın sınaqlarından, elmin çətin yollarından keçərək şərəfli bir ömür yaşamağın nümunəsinə çevrilib. Zərifə xanım Əliyeva xalqın sevgisini qazanan, daim qəlblərdə yaşayan və hər zaman yaşayacaq şəxsiyyətlərdəndir.

  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    Bütün xəbərlər
    «    May 2024    »
    BeÇaÇCaCŞB
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    Qalereya