20 Yanvar birlik və vəhdətimizi təcəssüm etdirən tarixi gündür
Azərbaycan xalqının minilliklərlə ölçülən zəngin və şərəfli tarixində həm qəhrəmanlıq, həm də faciə səhifələri bir-birini əvəz etmiş, nəsildən-nəslə qan yaddaşı və gen vasitəsilə ötürülmüşdür. Tariximizin 20 yanvar səhifəsinin unikallığı isə ondadır ki, o eyni vaxtda həm faciə, həm də qəhrəmanlıq nümunəsidir. Həmin gün azadlıq, istiqlaliyyət uğrunda küçələrə, meydanlara çıxan Azərbaycan xalqına qarşı törədilmiş ağlasığmaz terror aktı dəhşətli bir cinayət hadisəsi kimi tarixə düşmüşdür. Həmin gün müstəqillik istəyi ilə həmrəylik nümayiş etdirən dinc əhaliyə qarşı həyata keçirilən cəza tədbiri Beynəlxalq İnsan Haqları Bəyannaməsinin və bu sahədə qəbul olunmuş digər konvensiyaların müddəalarının kobud şəkildə pozulması demək idi.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridildi, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirildi.Ümumilikdə Respublikada 147 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş, 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. Dövlət, ictimai və şəxsi əmlaka həmin dövrün qiymətləri ilə 5.637.286 rubl miqdarında maddi ziyan vurulmuşdu.
Fövqəladə vəziyyət rejimi olmasına baxmayaraq, 1990-cı il yanvar ayının 22-də Bakının "Azadlıq" meydanında böyük bir matəm mitinqi keçirildi. Mitinqdə və dəfn mərasimində 2 milyona qədər adam iştirak edirdi. Şəhidlər Bakı şəhərinin ən uca yeri olan Dağüstü Parkda dəfn edildilər. İndi həmin müqəddəs məkan Şəhidlər Xiyabanı adlanır. Burada Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda canını qurban vermiş şəhidlərimiz uyuyur. 1990-cı il yanvarın 20-si Azərbaycanın tarixinə ən faciəli günlərdən biri, eyni zamanda xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil oldu.
20 Yanvar faciəsi mahiyyətinə görə dövlətin öz xalqına qarşı tarixdə misli görünməmiş təcavüzü, qətliamı idi. Bu qanlı qırğın keçmiş SSRİ, Azərbaycan SSR konstitusiyalarının kobudcasına pozulması, ayaqlar altına atılması idi. O gecə keçmiş SSRİ dövləti dinc əhalinin üstünə qoşun yeritməklə BMT Nizamnaməsini, beynəlxalq hüquq normalarını, həmçinin iştirakçısı olduğu Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktın bir sıra müddəalarını pozmuşdur. Respublikanın o vaxtkı səriştəsiz, kölə psixologiyalı rəhbərlərinin isə bu faciədən sonra da yenə də xalqla bir olmağa cəsarəti çatmadı və onlar sovet rəhbərliyinin ətəyindən əllərini çəkmədilər. Həmin vaxt Moskvada yaşayan ümummilli liderimiz Heydər Əliyev onların əksinə olaraq, həyatını təhlükədə qoyaraq faciənin ertəsi günü Azərbaycanın daimi nümayəndəliyinə gəldi və Qanlı Yanvar qırğınını törədənləri pisləyən kəskin bəyanatla çıxış etdi, xalqımızın başına gətirilən müsibəti dünyaya çatdırdı. Bununla da ulu öndərimiz cəsarətini, mərdliyini, xalqının sədaqətli oğlu olduğunu bir daha sübut etdi. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ölkə rəhbərliyinə yenidən qayıdışından sonra da 1994-cü il martın 29-da ümummilli liderin təşəbbüsü ilə 20 Yanvar faciəsinə ali qanunvericilik orqanı – Milli Məclis səviyyəsində ilk dəfə hüquqi-siyasi qiymət verildi. 1994-cü il yanvarın 12-də keçirdiyi müşavirədə Prezident Heydər Əliyev bu barədə belə deyirdi: “...Xalqa təcavüz olunmuş, günahkarlar isə hələ müəyyənləşdirilməmişdir. Görünür ki, ötən yaxın illərdəki Sovetlər Birliyi, respublika rəhbərliyi, məsul şəxslər öz mənafeləri naminə bu böyük faciənin əsl mahiyyətini xalqa bəyan etməmişlər”.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, o cümlədən onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsini daim diqqət mərkəzində saxlayır, bu istiqamətdə mühüm tədbirlər həyata keçirir. Maddi dəstəklə yanaşı, mənəvi dəstəyin də əhəmiyyətini yüksək dəyərləndirən cənab İlham Əliyevin təşəbbüsü ilə Bakı şəhərinin Yasamal rayonundakı 20 Yanvar dairəsində “20 Yanvar şəhidlərinin əziz xatirəsinə -abidə-kompleksi” inşa edilmişdir. 2009-cu ilin oktyabrında tikintisinə başlanan abidə-kompleksin açılışı 2010-cu il Yanvarın 20-də olmuşdur. Abidə kompleksinin üzərində 20 Yanvar faciəsi zamanı həlak olmuş və yaralanmış insanların ad və soyadları, eləcə də ümummilli lider Heydər Əliyevin Qanlı Yanvar hadisələri ilə bağlı dediyi “1990-cı il yanvarın 20-si Azərbaycanın tarixinə ən faciəli günlərdən biri, eyni zamanda xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur”- sözləri qızıl hərflərlə həkk olunub. Bundan başqa 2007-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə Şəhidlər Xiyabanı rekonstruksiya olunarkən “Əbədi məşəl” abidəsinin sütunları hündürləşdirilmiş, abidədəki səkkizguşəli ulduz və məsamələri qızılla işlənmişdir.
20 Yanvar hadisələri Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə həm də qəhrəmanlıq səhifəsi kimi yazılıb. Bu mənada 20 Yanvarın Azərbaycanın tarixində ölkəmizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə qəhrəmanlıq rəmzi kimi böyük əhəmiyyəti var. Həmin gün öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini uca tutan Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə yüksəldilər. Vətənin azadlığı, suverenliyi uğrunda özlərini qurban verən şəhidlərin xatirəsi həmişə qəlbimizdə yaşayacaqdır. Tarixi Zəfərə imza atmış xalqımız bu ümummilli hüzn gününü birlik və vəhdətimizi təcəssüm etdirən qürurlu tarixin ildönümü olaraq hər il olduğu kimi yüksək səviyyədə qeyd edir, şəhidlərimizin əziz ruhlarını anır, Vətən qarşısında müqəddəs borcunu yerinə yetirməkdən şərəf duyur.
Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri