Aqiyə Naxçıvanlı: “COP29 konfransının Azərbaycanda keçirilməsinə dair qərar ölkəmizin daha bir yüksək nüfuz göstəricisidir”
“Azərbaycanın Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin olunmasında rolu getdikcə artır. Cari ilin 10 dekabr tarixində Serbiyanın Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılışı Serbiya və Bolqarıstanın enerji təhlükəsizliyinə böyük töhfə olmaqla yanaşı, eyni zamanda da Azərbaycanın qaz ixracı coğrafiyasını daha da genişləndirir. Hazırda Azərbaycan qazının ixrac olunduğu doqquz ölkədən yeddisi Avropa ölkəsidir. Məlum olduğu kimi, keçən il Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumu imzalanmışdır və hazırda bu memorandum uğurla icra edilir. Bu memoranduma görə, Azərbaycan 2027-ci ilə qədər Avropaya göndərilən qazın həcmini iki dəfə artırmalıdır. Cənab Prezident İlham Əliyevin İnterkorrektorun açılış mərasimində etdiyi çıxışında dediyi kimi, ölkəmiz tərəfindən irəli sürülmüş və icra edilmiş layihələr Avrasiyanın enerji xəritəsini böyük dərəcədə yenidən tərtib etmişdir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa neft kəmərləri bu gün Azərbaycan neftini Aralıq dənizinin və Qara dənizin bazarlarına çatdırır. Nəhəng infrastruktur layihə olan Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyinə çox böyük töhfə verir. Təsadüfi deyil ki, Avropa Komissiyasının yüksəkvəzifəli şəxsləri Azərbaycanı etibarlı tərəfdaş və Pan-Avropa qaz təchizatçısı kimi dəyərləndirirlər.”
Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı deyib.
Deputat həmçinin Azərbaycanın Balkan yarımadası ölkələri ilə ikitərəfli münasibətlərinin getdikcə daha çox səmimi dostluq zəminində inkişaf etdiyini vurğulayaraq bunları deyib: “Bu gün Azərbaycan özünün beynəlxalq əlaqələrini məqsədyönlü şəkildə genişləndirməkdə davam edir. O cümlədən respublikamızın Balkan yarımadası ölkələri ilə ikitərəfli münasibətləri sürətlə inkişaf etməkdədir. Qeyd olunmalıdır ki, Azərbaycanın əksər ölkələrlə dostluq əlaqələrinin qurulması bir çox hallarda məhz bu ölkələrin dövlət başçıları ilə möhtərəm Prezidentimizin şəxsi münasibətləri zəminində formalaşır. O cümlədən cənab Prezident İlham Əliyevin Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçlə, eləcə də Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevlə dostluq münasibətləri ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin sürətli inkişafında önəmli amil kimi çıxış edir. Dövlət başçımızın öz çıxışında qeyd etdiyi kimi, bu gün Azərbaycanı həm Serbiya, həm də Bolqarıstanla strateji tərəfdaşlıq Sazişi bağlayır. Hər üç ölkənin dövlət başçılarının etdikləri rəsmi səfərlərin intensivliyi münasibətlərin dinamik olduğunu, dostluq və strateji tərəfdaşlıq üzərində qurulduğunu göstərir.”
Daha sonra A.Naxçıvanlı COP29 konfransının Azərbaycanda keçirilməsinə dair qərarın qəbul edilməsini ölkəmizin daha bir yüksək nüfuz göstəricisi olduğunu qeyd edib: “Cənab Prezident İlham Əliyev öz çıxışında Azərbaycanın qaz təchizatının coğrafiyasını daha da genişləndirmək və gələcəkdə Avropa məkanında yeni yaradılacaq interkonnektorlar vasitəsilə yeni ölkələrin bazarlarına çıxmaq planlarına dair açıqlamalar verdi. Həmçinin dövlətimizin başçısı Azərbaycanın qarşısında duran əsas hədəfin bərpaolunan enerji növləri ilə bağlı olduğunu və artıq 10 qiqavat bərpaolunan enerji növlərinin yaradılması üzrə Azərbaycan tərəfindən investorlarla sazişlər və anlaşma memorandumlarının imzalandığını diqqətə çatdırdı. Xüsusi olaraq cənab Prezident İlham Əliyev Serbiya, Bolqarıstan və Şərqi Avropa qrupuna daxil olan digər ölkələrin bir neçə gün bundan əvvəl Azərbaycanın namizədliyini dəstəkləyərək COP29 konfransının Azərbaycanda, Bakıda keçirilməsinə dəstək göstərdiklərini və bunun dostluğumuzun bariz nümunəsi olduğunu vurğuladı. Azərbaycanın zəngin neft və qaz resursları olmasına rəğmən, ölkəmiz öz gələcəyini təmiz yaşıl enerjinin istehsalında və ixracında görür. Məlum olduğu kimi, Azərbaycanda bərpaolunan enerjinin hesablanmış potensialı təxminən 200 qiqavatdır. Yaxın gələcəkdə baş tutacaq yaşıl enerjinin Avropaya ixracı Azərbaycanın beynəlxalq mövqelərini daha da gücləndirəcək” – deyə, Aqiyə Naxçıvanlı fikirlərini tamamlayıb.