Səttar Möhbalıyev: “Zəfər bayramı Prezident İlham Əliyevin xalqımıza, eləcə də gələcək nəsillərə ən böyük hədiyyəsidir”
“Zəfər Günü çoxəsrlik tariximizin ən şərəfli səhifəsidir, çünki biz 200 illik münaqişədən, 30 illik müharibədən qalib çıxdıq. Ermənistan işğalına son qoyuldu, şəhidlərimizin qisası döyüş meydanında layiqincə alındı. Son 200 ildə ermənilər azərbaycanlılara qarşı ancaq düşmən siyasəti aparıblar. Tarixdə bir boşluq tapan kimi, bunu fürsət bilərək silaha əl atıblar. Ötən əsrin 90-cı illərinin əvvəllərində torpaqlarımız ermənilər tərəfindən təcavüzə uğrayanda Azərbaycandakı vəziyyət hamıya məlumdur. Ölkəmizdə özbaşınalıq, anarxiya baş alıb gedirdi. Nizami ordu qurulmamışdı, vahid komandanlıq yox idi, silah-sursat çatışmırdı. Və bu səbəblərdən rayonlarımız ardıcıl işğal olunurdu. 1993-cü ilin iyun ayında müdrik xalqımızın möhtəşəm qərarından ermənilər çox narahat idi. Hətta bəzi erməni ekspertlər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsi ilə bütün planlarının alt-üst olduğunu bəyan edirdilər. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə ordu quruculuğuna başlanıldı, genişmiqyaslı səfərbərlik keçirildi. Nəticədə Azərbaycan Ordusu Ermənistanın hərbi hücumlarını dayandırdı, “Horadiz” əməliyyatını uğurla yekunlaşdırdı. Bu qələbə xalqın itmiş inamını özünə qaytardı və mütləq Zəfər çalacağına ümidləndirdi”.
Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
AHİK sədri bildirib ki, atəşkəs elan edildikdən sonra Azərbaycan tərəfi uzun illər münaqişənin sülh yolu ilə həllinə çalışdı: “Nəticə isə faydasız oldu. İstər beynəlxalq təşkilatlar, istərsə də böyük dövlətlər qərəzli mövqe tutdu, ikili standartlardan çıxış etdilər. Danışıqların aparıldığı müddətdə təcavüzkar dövlət yenə də sakit dayanmır, hərbi təxribatlar törədirdi. Amma Ermənistanın hər bir təxribatına tutarlı cavablar verilirdi. Nə qədər gülünc olsa da, Paşinyan Ermənistanın baş naziri seçildikdən sonra özünü qalib “lider” kimi aparırdı. Azərbaycana şərtlər irəli sürürdü, Cəbrayıla yol çəkəcəklərini deyirdi. Açıq görünürdü ki, Ermənistan sülhə gələn deyil. Odur ki, 2020-ci il sentyabrın 27-də növbəti hərbi təxribat zamanı “Dəmir yumruq” ermənilərin başlarının üzərində ildırım kimi çaxdı. Qəhrəman Ordumuz Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə işğala son qoydu, Ermənistanı kapitulyasiya aktına imza atmağa məcbur etdi. Ordumuzun keçdiyi 44 günlük döyüş yolunun hər bir səhifəsi əsl qəhrəmanlıq dastanıdır. Əsgərlərimizin yüksək döyüş ruhu, vətənpərvərlik hissi, əzmkarlığı hələ uzun illər dillərdə əzbər olacaq. Onlar Vətən qarşısında borclarını ləyaqətlə və vicdanla yerinə yetirdilər”.
AHİK sədri vurğulayıb ki, bu il aprelin 23-də Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsinin yaradılması ilə ərazi bütövlüyümüz tam bərpa edildi: “Hesab edirəm ki, bu, böyük Şuşa Zəfərindən sonra qazandığımız ən uğurlu və əhəmiyyətinə görə, həm siyasi cəhətdən, həm də hərbi baxımdan mühüm qələbədir. Bunu həzm edə bilməyən Ermənistan bütün qarayaxmalara əl atırdı. Bölgədə "blokada" və "humanitar böhran"ın olması ilə bağlı hay-küy saldı, şoular düzəltdi. Elə güman edirdi ki, guya Azərbaycanı geri çəkilməyə məcbur edə biləcək. Amma unutdu ki, döyüş meydanında böyük hərbi qələbə qazanan Azərbaycanı siyasi müstəvidə məğlub etmək, ümumiyyətlə, mümkün deyil. Bu dəfə də onların çirkin iddiaları iflasa uğradı. Antiterror tədbirlərinə qədər 10 min nəfərdən çox erməni silahlısı qanunsuz olaraq Azərbaycan ərazisində qalırdı. Hətta Ermənistan öhdəliklərə zidd olaraq bu qüvvələri hər cəhətdən təmin edirdi. Azərbaycanın, eləcə də xarici dövlətlərin mülki təyyarələri radio-elektron müdaxilələrə məruz qalırdı. Bütün bunlar göstərirdi ki, düşmən çirkin əməllərini davam etdirməkdədir. Odur ki, Azərbaycan lokal xarakterli antiterror tədbiri keçirməyə məcbur qaldı”.
Səttar Möhbalıyev deyib ki, antiterror tədbiri Ordumuzun gücünü, qüdrətini bir daha bəyan etmiş oldu: “Sübut etdi ki, Azərbaycanın qəhrəman əsgər və zabitləri istənilən tapşırığı qələbə ilə yekunlaşdırmağa qadirdir. Ordumuz tapşırığı mərdliklə və nümunəvi şəkildə həyata keçirərək bütün ölkə ərazisində dövlətimizin suverenliyini tam təmin etdi. Hazırda xalqımızın varlığının sübutu, milli suverenliyimizin simvolu, azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizin nümayişi olan müqəddəs Bayrağımız əzəli və əbədi torpaqlarımızda - qeyrət qalamız Şuşda, namus tacımız Xocalıda, Hadrutda, Xankəndidə, Xocavənddə, Ağdərədə, Əsgəranda əzəmətlə dalğalanır. Şanlı tariximizin böyük sərkərdəsi, Qarabağ dastanının müəllifi cənab İlham Əliyev oktyabrın 15-də Xankəndidə mübarək bayrağımızı ucaltmaqla həm də xalqımıza Zəfər Günü, Bayraq Günü hədiyyəsini etmiş oldu. Hər iki bayramı xalqımız böyük Qələbənin unudulmaz sevinci ilə iftixarla, böyük şövq və xoş ovqatla qarşılayır”.
AHİK sədri əmin olduğunu bildirib ki, torpaqlarımızı hərbi-siyasi yolla tamamilə işğalçılardan azad edən Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Şərqi Zəngəzurda və Qarabağda başlatdığı tikinti işlərini, Böyük Qayıdış proqramını uğurla yekunlaşdıracaq.