Eltun Süleymanov: “Qalib xalq, qalib ordu, müdrik və müzəffər sərkərdə birliyi bu gün öz möhtəşəmliyini qətiyyətlə davam etdirir”
44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycanın zəfəri ilə dünyaya səs saldı. Azərbaycan xalqı ən məğrur, yenilməz xalq kimi, ordumuz isə dünyanın ən güclü, peşəkar ordusu kimi tarixə yazıldı. Azərbaycanın döyüş meydanında və diplomatik müstəvidə qazandığı uğurlar tarixi zəfərimizi şərtləndirdi. Qeyd etmək lazımdır ki, bu tarixi zəfərimizə qədər ordumuz 3 dəfə Ermənistan ordusuna ağır zərbələr vurmuşdu. 2016-cı ilin Aprel döyüşləri tarixi Qələbəmizin başlanğıcı oldu. O döyüşlərdə düşmən ağır itki verərək, silah-sursatını atıb qaçdı. Həmin döyüşlərdə 25 ilə yaxın müddətdə işğal altında qalmış torpaqlarımızın 2 min hektarı, o cümlədən bir sıra strateji yüksəkliklər azad edildi. 2018-ci il may ayı ərzində Naxçıvan Muxtar Respublikasının 11 min hektardan artıq ərazisi və Şərur rayonunun Günnüt kəndi düşməndən azad edilərək dövlət sərhədi boyunca əlverişli mövqelər Azərbaycan Ordusunun nəzarəti altına keçdi. İki il sonra – 2020-ci il iyul ayında Ermənistan ordusu yenidən təxribatlara əl atdı və Tovuz rayonu istiqamətində atəşkəsi pozdu. Bu dəfə də layiqli cavablarını aldılar. Tovuz döyüşləri də Azərbaycanın hərb tarixinə xüsusi olaraq daxil oldu və bizim zəfərimizə əsas təkan verən hadisə oldu. Bu döyüşdə də yüzdən çox hərbçisi və onlarla hərbi obyekti məhv edilən Ermənistan silahlı bölmələrinin şəxsi heyəti hətta silah-sursatı qoyub qaçdı. Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandan kimi gərgin əməyinin nəticəsində Azərbaycan ərazi bütövlüyünə qovuşdu, xalqımız dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanınıldı.
Bu sözləri AİA.Az-a verdiyi açıqlamasında Nəsimi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.
Müsahibimiz qeyd edib ki, 2020-ci ilin sentyabrın 27-də işğalçı Ermənistanın təcavüzkar silahlı qüvvələrinin növbəti təxribatına şanlı Azərbaycan Ordusu əks-hücum əməliyyatı ilə cavab verdi, 30 illik işğala son qoymaq üçün 44 gün davam edəcək Zəfər yürüşünə başladı. Beynəlxalq hüquq normalarına, BMT-nin Nizamnaməsinin 51-ci maddəsinə əsaslanaraq əks-hücum əməliyyatlarını müvəffəqiyyətlə həyata keçirən müasir və qüdrətli Azərbaycan Ordusu işğalçı hərbi birləşmələrə sarsıdıcı zərbələr endirdi, ard-arda yaşayış məntəqələrimizi, strateji yüksəklikləri azad etdi, bununla da adını tarixə əbədi həkk etdirdi. 300-dən çox yaşayış məntəqəsini bilavasitə döyüş meydanında işğaldan azad edən Silahlı Qüvvələrimiz daha bir tarixi missiyasını müvəffəqiyyətlə yerinə yetirdi. Noyabrın 8-də əzəli və əbədi Azərbaycan torpağı – dünyanın mədəniyyət incilərindən olan qədim Şuşa şəhəri Azərbaycan Ordusunun qəhrəman əsgər və zabitlərinin xüsusi məharəti, böyük şücaəti və nümunəvi rəşadəti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində hərbi-siyasi əsarətdən xilas edildi.
Ağdam, Kəlbəcər və Laçın rayonlarını döyüşsüz tərk etməsi Azərbaycanın hərb meydanında qazandığı möhtəşəm qələbənin diplomatiya müstəvisində davamı olmaqla Zəfər tariximizin ən mühüm və parlaq səhifələrindən birinə çevrildi. Azərbaycan ərazi bütövlüyünü hərbi-siyasi yolla təmin etməklə öz qüdrətini bütün dünyaya nümayiş etdirdi. Böyük Qələbə təkcə Azərbaycanın ərazi bütövlüyünün və tarixi ədalətin deyil, eyni zamanda, milli qürurun bərpasının təzahürü idi.”
Eltun Süleymanov bildirib ki, “dekabrın 10-da keçirilən möhtəşəm Zəfər paradı Azərbaycanın hərbi gücünü və tarixi Qələbəmizi bütün dünyaya bir daha nümayiş etdirdi. Zəfər paradı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun 44 gün davam edən "Dəmir yumruq" hərbi əməliyyatında qazandığı tarixi Qələbənin təcəssümü oldu.
Uğurlarımızın zirvəsində dayanan tarixi Zəfərimiz ölkədə ordu quruculuğu istiqamətində aparılan islahatlar, Ali Baş Komandan İlham Əliyevin sərkərdəlik qətiyyətinin məntiqi nəticəsi idi. İndi Azərbaycan Bayrağı təkcə Şuşada deyil, işğaldan azad olunmuş Xankəndidə, Xocalıda, yüksəkliklərdə dalğalanır. Azərbaycan ordusunun Ali Baş Komandanı İlham Əliyev uğurlu siyasət, prinsipiallıq və yenilməz iradə nümayiş etdirərək hər zaman xalqının milli maraqlarını qətiyyətlə müdafiə edir. Müharibə zamanı xarici mediaya verdiyi 26 müsahibədə səlis, söylənən hər ittihama səbirlə, tarixi faktlarla cavab verməsi, münaqişə və hərbi əməliyyatlarla bağlı həqiqətləri olduğu kimi deməsi onu dünya ictimaiyyətinin diqqət mərkəzinə çevirmişdi. Əlbəttə, həm ölkədaxili, həm də xarici mediaya müharibə ilə bağlı məlumatları ilkin mənbədən çatdırmaq şübhəsiz ki, çox vacib idi. Cənab Prezidentin bu addımı, çətin, lakin düzgün hədəflənmiş siyasət idi.
Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Müxtəlif dairələrdən olan müntəzəm təzyiq və təhdidlərə rəğmən Azərbaycan öz haqq savaşında zəfər çaldı. Bu Zəfər sayəsində “Ermənistanın güclü ordusu var” və “erməni xalqı döyüşkən xalqdır” kimi miflərə birdəfəlik son qoyuldu. Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə təkcə Ermənistanın silahlı qüvvələrini məhv etməyib, o, Erməni mifini də məhv etdi. Cəmi 44 gün ərzində Ermənistan ordusu məhv edildi, hərbi texnikası məhv edildi, canlı qüvvəsi məhv edildi və Azərbaycan öz gücünü, öz qüdrətini göstərdi.
Dünya gördü ki, haqq işi uğrunda aparılan mübarizədə Azərbaycan xalqı tarix yazdı və qalib xalq, qalib ordu, müdrik və müzəffər sərkərdə birliyi bu gün öz möhtəşəmliyini qətiyyətlə davam etdirir.