» Aqiyə Naxçıvanlı: “Füzulinin azad olunması ilə Azərbaycan mühüm strateji üstünlüklər əldə etmişdi”

Aqiyə Naxçıvanlı: “Füzulinin azad olunması ilə Azərbaycan mühüm strateji üstünlüklər əldə etmişdi”

  • 17-10-2023, 13:12
  • ---
  • 0
  • 70
Aqiyə Naxçıvanlı: “Füzulinin azad olunması ilə Azərbaycan mühüm strateji üstünlüklər əldə etmişdi”


“2020-ci ilin 17 oktyabr tarixində Azərbaycan Ordusu II Qarabağ savaşının gedişində ən önəmli və parlaq, eyni zamanda da ən çətin qələbələrindən birini əldə etmişdir. Həmin gün Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri işğaldan azad edilmişdir. Füzuli uğrunda gedən döyüşlər haqlı olaraq Vətən müharibəsinin ən ağır döyüşlərindən hesab olunur. Əlbəttə ki, bunun məlum obyektiv səbəbləri var idi. Ermənilər yaxşı bilirdilər ki, Füzulinin azad olunması ilə Azərbaycan strateji üstünlüklər əldə edəcək. Buna görə də 30 il ərzində məhz həmin istiqamətdə təmas xəttində möhkəm istehkamlar, bir neçə mərhələdən ibarət güclü müdafiə xətti qurmuşdular. Ən tanınmış hərbi mütəxəssislərin yekdil rəyi belə idi ki, Füzulini işğaldan azad etmək üçün aylarla zaman və böyük hərbi potensial sərf olunacaq. Lakin Azərbaycan Ordusunun şücaəti və Ali Baş Komandanımızın strategiyasının mükəmməlliyi sayəsində bu əməliyyat cəmi 20 günə parlaq qələbə ilə başa çatdırılmışdır. Bu zəfərin əbədiləşdirilməsi məqsədilə 2020-ci il noyabrın 26-da “Füzulinin azad olunmasına görə” medalı təsis edildi. Ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 25301 hərbi qulluqçusu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.”

Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı deyib.

Deputat daha sonra Füzulinin tarixi barədə qısa məlumat verərək, bu rayonun işğal nəticəsində ən çox dağıntılara məruz qoyulmuş bölgələrdən biri olduğunu vurğulayıb: “Füzuli rayonunda işğaldan əvvəl 2 şəhər, 16 qəsəbə, 82 kənd və başqa yaşayış məntəqələri mövcud olmuşdur. Əhalisi təxminən 144 min nəfər olan bu rayon Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları, habelə Araz çayı boyunca İranla həmsərhəddir. Azərbaycanın iri yaşayış məskənlərindən olan Füzulinin əsası 1827-ci ildə qoyulmuşdur. Qarabulaq adlanan yaşayış məskəninin əsasında 1930-cu ildə rayon təşkil olunmuşdur İlk öncə Qaryagin adlandırılmış rayonun adı 1959-cu ilin aprelində dahi Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə dəyişdirilərək Füzuli rayonu adlandırılmışdır. İşğaldan öncə Füzuli rayonu tarixi-dini abidələrlə, xüsusən də türbələrlə zəngin bir ərazi olmuşdur. Bu abidələr sırasında rayonun Babı kəndində yerləşən və XIII əsrə aid olan səkkizguşəli Şeyx Babi Yaqub türbəsini, Aşağı Veysəlli kəndində XIV əsrə aid Mirəli türbəsini, Əhmədalılar kəndində orta əsr qəbiristanlığının ərazisində sənduqə formalı qəbirdaşının üzərindəki türbəni, XIX əsrin Cəlil türbəsini göstərmək olar. Lakin 23 avqust 1993-cü il tarixində Füzuli şəhəri və rayonun böyük hissəsi erməni silahlı qüvvələri tərəfindən işğal olunduqdan sonra bütün bu tarixi-mədəni abidələr erməni vandalları tərəfindən talan edilmiş, tamamilə dağıdılaraq viran qoyulmuşdu. 1993-cü ildə Ermənistanın  silahlı qüvvələri ilə mübarizədə  rayon sakinlərindən 400 nəfərədək müharibə əlili, 663 nəfər şəhid olmuşdur, 181 nəfər əsir və itkin düşmüşdür. Bir məqamı da vurğulamaq lazımdır ki, Füzuli uğrunda gedən döyüşlərdə Azərbaycanın hələ 1994-cü ildə əldə etdiyi ilk qələbə Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Həmin ilin 5 yanvar tarixində Ümummilli Liderin əmri ilə hücum əməliyyatına başlayan Silahlı Qüvvələrimiz Füzuli rayonunun 22 yaşayış məntəqəsini işğaldan azad etmişdilər.”

Fikirlərini davam etdirən A.Naxçıvanlı bu gün bütün Qarabağ və Şərqi Zəngəzurda olduğu kimi, Füzulidə də möhtəşəm yenidənqurma işlərinin aparıldığını bildirib: “Azərbaycan öz ərazilərini işğaldan azad edərək Vətən müharibəsini tarixi Qələbə ilə başa vurduqdan dərhal sonra bu torpaqlarda bərpa-quruculuq işlərinə başlayıb. Ölkə Prezidenti cənab İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə mütəmadi etdiyi səfərlər isə görülən işlərin daim diqqət mərkəzində saxlandığını təsdiq edir və eyni zamanda da işlərin aparılmasına ən güclü stimulverici amil kimi təsir göstərir. Dövlət başçısının hər belə səfəri növbəti açılış və təməlqoyma mərasimləri ilə əlamətdar olur. O cümlədən Füzuli rayonunda bu gün möhtəşəm quruculuq işləri böyük vüsətlə həyata keçirilməkdədir. Sözsüz ki, Azərbaycanın iqtisadi qüdrətini və yaradıcı ruhunu nümayiş etdirən ən bariz nümunələrdən biri də cəmi 8 ay ərzində inşa edilmiş Füzuli Beynəlxalq Hava Limanıdır. Dövlət başçımızın 2021-ci ildə Füzuli ictimaiyyəti ilə görüşü zamanı etdiyi çıxışında qeyd olunduğu kimi, bəlkə də dünya praktikasında, dünya tarixində belə qısa müddət ərzində, minalanmış ərazidə beynəlxalq hava limanları tikilməmişdir. Ümumiyyətlə işğaldan azad edilmiş ərazilərdə görülən işlər Azərbaycanın yaradıcı və sülhsevər ruha sahib olduğunun nümayişidir. Lakin Azərbaycan dövləti sülhsevərliyi ilə yanaşı ölkənin və xalqın təhlükəsizliyini təmin etmək üçün, sülhə təhdid törədən bütün qüvvələri dəf etmək üçün müharibəyə də hər an hazır olduğunu dəfələrlə sübut etmişdir. O cümlədən bu ilin sentyabr ayının 19-da keçirdiyi lokal xarakterli antiterror tədbirini növbəti parlaq Qələbə ilə başa çatdırmaqla artıq bütün Qarabağda konstitusiya quruluşunu və öz suverenliyini tam təmin etmiş Azərbaycan ölkəmizlə təhdid və ultimatum dilində danışmağın mənasız olduğunu bütün dünyaya bir daha nümayiş etdirdi” – deyə, Aqiyə Naxçıvanlı fikirlərini tamamlayıb.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Dekabr 2024    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Qalereya