Kamaləddin Qafarov: “Azərbaycanla Pakistan arasında münasibətlər intensivləşir”
“Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında hələ 2002-ci ildə, Ulu Öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdə imzalanan müdafiə və hərbi sahədə əməkdaşlıq haqqında sazişdə hər iki ölkənin hərbi-siyasi sahədə tərəfdaşlığının prioritet istiqamətləri əks olunub. Bu müqavilə ilə dövlətlərimiz arasında hərbi əlaqələr daha da genişlənib. Pakistanın ölkəmizə qarşı səmimi dostluq münasibətlərini nümayiş etdirən vacib məqamlardan biri də Ermənistanla bağlıdır. Pakistan işğal dövründə Azərbaycana dəstək verərək və həmrəylik nümayiş etdirərək, Ermənistanla diplomatik əlaqələr qurmayıb, onu bir dövlət kimi tanımayıb və bu vəziyyət indi də davam edir. Pakistan istər işğal dövründə, istərsə də Vətən müharibəsinin gedişində Azərbaycanın mövqelərini hər zaman birmənalı şəkildə dəstəkləyib. Pakistan 2020-ci il sentyabrın 27-də, cəbhədə vəziyyətin gərginləşdiyi ilk gün Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsində növbəti hərbi təxribatını pisləyən bəyanat yaymışdı. Bütün bunlar bir daha təsdiq edir ki, Azərbaycan-Pakistan əlaqələri iki qardaş ölkə arasında olan səmimi münasibətlər əsasında formalaşıb”.
Bunları mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
Baş nazir Məhəmməd Şahbaz Şərifin iyunun 15-də Azərbaycana rəsmi səfərinin önəmini qeyd edən deputat bildirib ki, hər iki ölkənin rəhbərləri tərəfindən atılan məqsədyönlü addımlar dövlətlərarası münasibətlərin inkişafını stimullaşdırır: “Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin ölkəmizə səfərinin nəticələri də bunu deməyə əsas verir ki, iki dost ölkə arasında münasibətlər bundan sonra da şaxələnməkdə və dərinləşməkdə davam edəcək. Azərbaycan və Pakistan liderlərinin keçirdikləri təkbətək və geniş tərkibdə görüşlərdən sonra mətbuata bəyanatında Ölkə Prezidenti İlham Əliyev bunu bir daha xüsusi vurğuladı. Dövlət başçısı qeyd etdi ki, onun Pakistanın Baş naziri ilə təmasları müntəzəm xarakter daşıyır. Cənab Prezident bir daha Pakistanın ölkəmizə istər işğal dövründə, istərsə də 44 günlük Vətən müharibəsi zamanı göstərdiyi dəstəyini yüksək qiymətləndirdiyini bildirdi və Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin imzalanmasının perspektivləri olduğunu diqqət mərkəzinə çəkdi. Eyni zamanda, dövlət başçısı Azərbaycanın Pakistanı Kəşmir məsələsində hər zaman dəstəklədiyini və bu dəstəyin bundan sonra da davam edəcəyini xüsusi vurğuladı. Qeyd olundu ki, Azərbaycan və Pakistan bütün beynəlxalq təşkilatlarda bu dəstəyi və həmrəyliyi nümayiş etdirir. Bu qarşılıqlı dəstək ölkələrimizi və xalqlarımızı daha da yaxınlaşdırır. Azərbaycan xalqı çox gözəl bilir ki, 44 günlük müharibə dövründə məhz Türkiyə və Pakistan onunla bir yerdə idi”.
K.Qafarov daha sonra müzakirə olunan mövzuların əhəmiyyətindən bəhs edərək deyib: “Ölkə rəhbərlərinin görüşü zamanı həm Pakistan, həm də Azərbaycan üçün son dərəcə önəmli məsələlər müzakirə olunub. Qərara alınıb ki, Azərbaycandan müxtəlif sahələr üzrə bir neçə nümayəndə heyəti Pakistana səfər etsin. Bu heyətlər ticarət və sərmayə məsələsi, enerji məsələsi və əlbəttə ki, müdafiə sənayesi sahəsində əməkdaşlıq məsələsi ilə məşğul olacaqlar. Eyni zamanda, razılığa gəlinib ki, ölkələrarası ticarətin həcmini artırmaq üçün daha ciddi səylər göstərilsin. Bu məqsədlə ilkin olaraq anlaşma memorandumu imzalanacaq. Təbii ki, ən vacib məsələlərdən biri kimi, müdafiə sənayesi sahəsində əməkdaşlıq müzakirə olunub. Birgə hərbi təlimlərin sayının artırılması məsələsi nəzərdən keçirilib. Həqiqətən də bu gün buna böyük ehtiyac var. Möhtərəm Prezidentimizin dediyi kimi, dünyada vəziyyət dəyişir, qeyri-sabitlik nöqtələri artır, güc amili getdikcə daha çox həlledici faktor kimi çıxış edir. Beynəlxalq hüquq selektiv şəkildə tətbiq edilir. BMT Təhlükəsizlik Şurasının bəzi qətnamələri icra edilir, digərləri yox. Bunu isə, əksər digər dövlətlərdən daha yaxşı məhz Azərbaycan və Pakistan bilirlər. Ona görə də bu gün dünyada məhz güclü hərbi potensial müstəqilliyin və ərazi bütövlüyünün əsas qarantına çevrilib. Bütün bu məsələlərdə ölkələrimiz arasında qarşılıqlı tam anlaşma var. Pakistan və Azərbaycan hər zaman çiyin-çiyinə dayanan ölkələr olublar və bundan sonra da belə olacaqlar”.