Kamaləddin Qafarov: “Zəngilanın hava limanı bölgəni beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirəcək”
“2020-ci il oktyabrın 20-də şanlı Azərbaycan Ordusu Vətən müharibəsinin gedişində növbəti parlaq qələbələrindən birini əldə etmişdir. Azərbaycan Silahlı Qüvvələrinin 2020-ci il oktyabrın 18-də Zəngilan rayonunun azad edilməsi uğrunda başladığı əməliyyat iki gündən sonra düşmənin bu istiqamətdə darmadağın olunması ilə nəticələndi. Vətən müharibəsinin ilk günlərində Zəngilan rayonundan şərqdə yerləşən Cəbrayıl rayonunda düşmənin qüvvələrinə sarsıdıcı zərbələr vurulması və 30-dan çox yaşayış məntəqəsinin işğaldan azad edilməsi, ordumuzun Zəngilan rayonunun inzibati hüdudlarına çatmasına şərait yaratdı.”
Bu fikirləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov səsləndirib.
Millət vəkili deyib ki, Zəngilan döyüşləri Sərhəd Qoşunlarının Komandanlığı altında aparıldı. “Oktyabrın 20-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev xalqa növbəti müraciəti zamanı Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Zəngilan döyüşləri nəticəsində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Zəngilan şəhəri, rayonun 4 qəsəbəsi və 49 kəndi işğaldan azad edildi. Zəngilanın işğaldan azad olunması ilə 132 kilometrlik Azərbaycan-İran sərhədi tam bərpa edildi. Müharibədən dərhal sonra sərhəd boyunca bütün lazımi istehkam, mühafizə işləri görülməyə başlandı.”
K.Qafarov ermənilərin işğal dövründə Zəngilan şəhərini və rayonun kəndlərini vəhşicəsinə talan edərək dağıtdıqlarının ən dəhşətli vandalizm olduğunu bildirib: “1920-ci ilin 28 aprel işğalından sonra bolşeviklərin köməyi ilə qədim türk torpaqları hesabına ilk dövlətlərini quran ermənilər Zəngəzur qəzasını işğal ediblər. Bu zaman bolşevik Rusiyasının təkidi ilə Zəngəzur Azərbaycanın əlindən alınaraq, Ermənistana birləşdirilib. Nəticədə, qəzanın yuxarı hissəsi Ermənistanın, Laçın, Qubadlı və Zəngilan bölgələri isə Azərbaycanın tərkibində qalıb. İşğaldan öncə rayon ərazisində 1 şəhər, 5 qəsəbə və 83 kənd, onlarla milli və dini-tarixi abidə olmuşdur. Rayon respublikanın dağətəyi ərazisində yerləşməklə iqtisadi cəhətdən əsasən kənd təsərrüfatı istiqamətli olmuş, 29 kolxoz-sovxozu, 1 arıçılıq təsərrüfatını, 4 kooperativi və 3 kəndli-fermer təsərrüfatını əhatə etmişdir. Ərazisində 21 dəmiryol müəssisəsi və 6 dəmir yol vağzalı fəaliyyət göstərirdi. 45 mindən çox əhalisi olan Zəngilan rayonu 1993-cü il oktyabrın 30-da Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir. İşğaldan sonra rayon əhalisi məcburi olaraq respublikanın 43 rayonunda müvəqqəti məskunlaşdı. Rayon ərazisində mövcud olmuş XVII əsrə aid İmam Hüseyn məscidi, XIX əsrə aid Malatkeşin, Qırıq Muşlan, Muşlan kəndi, Rəzdərə kənd məscidləri, Xanazor və Yeməzli kəndlərində alban kilsələri, Məmmədbəyli kəndi ərazisində yerləşən XIV əsrə aid Səkkizguşəli türbə, Ağkənd kəndində Ziya Baba ocağı ziyarətgahı, Bartaz kəndində Xanazor türbəsi, Xanazor, Soltan Heydər, Günqışlaq, İzzə pirləri, daha onlarla türbə, pir və ziyarətgahlar, tarixi ən qədim dövrlərə, bəzilərinin isə hətta eramızdan əvvəl VI əsrə qədər gedib çıxan tarixi abidələr erməni vandalizminin qurbanı oldu, talan edildi və tamamilə dağıdılaraq, yerlə-yeksan olundu.”
K.Qafarov hazırda Zəngilan rayonunun özünün yeni inkişaf dövrünü yaşadığını qeyd edib: “Rayonda yenidənqurma işləri surətlə davam edir. Cənab Prezident İlham Əliyevin 2020-ci ilin dekabr ayının 23-də Zəngilan şəhərində Azərbaycan bayrağını ucaltdığı gündən sonra dəfələrlə bu rayona etdiyi səfərlər burada aparılan işlərin dövlət başçımızın xüsusi nəzarətində olduğundan xəbər verir. Bu səfərlər zamanı Azərbaycan Prezidentinin şəxsən iştirak etdiyi çoxsaylı təməlqoyma və açılış mərasimləri də görülən işlərin böyük miqyasına və yüksək dinamikasına əyani sübutdur. Təsadüfi deyil ki, “Böyük Qayıdış” planının ilk pilot layihəsi də məhz Zəngilanın Ağalı kəndində icra edildi. Artıq cari ilin may ayında Ağalı kəndinin ilk sakinləri doğma torpaqlarında məskunlaşmağa başlayıblar. Bu gün Ağalı ağıllı kənd modeli dünyanın ən müasir kəndlərindən biridir. Zəngilanda inşa olunan hava limanı isə bu bölgəni beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirmək üçün imkanlar yaradır. Buradan dəmir və avtomobil yolları da keçəcək və Naxçıvana yol açılacaq. Zəngilanı Naxçıvanla ayıran cəmi 40 kilometrlik Zəngəzur dəhlizinin açılması isə uzun illər blokadada olmuş Naxçıvan Muxtar Respublikasını bu şəraitdən çıxarmaqla yanaşı, xalqımızın 101 ildən sonra tarixi ərazisi olan qədim Zəngəzura yenidən qayıdışını təmin edəcək. Dəhlizin bərpa olunması Azərbaycanın növbəti tarixi nailiyyəti olacaqdır”.