» Eldar Quliyev: “Bu gün ordumuzun apardığı hərbi əməliyyatların və əldə olunmuş nəticələrin önəmini kimsə şübhə altına almağa çalışırsa bu, yalnız Azərbaycanı gözügötürməyənlər və yaxud da onlara xidmət edənlər ola bilərlər”

Eldar Quliyev: “Bu gün ordumuzun apardığı hərbi əməliyyatların və əldə olunmuş nəticələrin önəmini kimsə şübhə altına almağa çalışırsa bu, yalnız Azərbaycanı gözügötürməyənlər və yaxud da onlara xidmət edənlər ola bilərlər”

  • 19-09-2022, 10:01
  • ---
  • 0
  • 226
Eldar Quliyev: “Bu gün ordumuzun apardığı hərbi əməliyyatların və əldə olunmuş nəticələrin önəmini kimsə şübhə altına almağa çalışırsa bu, yalnız Azərbaycanı gözügötürməyənlər və yaxud da onlara xidmət edənlər ola bilərlər”


MÜSAHİBƏNİN ƏVVƏLLİ BURADA

Milli Məclisinin deputatı Eldar Quliyevin müsahibəsi

AİA.az-ın suallarını Milli Məclisinin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədri Eldar Quliyev cavablandırır.

- Bu ilin aprel ayının 6-da Prezident İlham Əliyevin Brüsselə baş tutmuş səfəri Avropa İttifaqı ölkələrinin Cənubi Qafqazda olan maraqlarının təmin olunması yollarının axtarışına artıq yeni, tamamilə fərqli yanaşma sərgiləməyə hazır olduqlarını bir daha nümayiş etdirdi. Necə bilirsiz, bu yenilik Azərbaycan – Avropa İttifaqı münasibətlərinin yeni mərhələyə keçidi üçün bir platforma ola bilərmi?


- Tamamilə doğru qeyd etdiniz. Məsələ bundadır ki, Cənubi Qafqaz istər enerji resursları, istərsə də malik olduğu geostrateji mövqeyi ilə hər zaman böyük və güclü dövlətlərin diqqətini cəlb edib. Lakin bu gün artıq Cənubi Qafqazın verə biləcəyi üstünlüklərdən yararlana bilmək üçün sadəcə gücə sahib olmaq heç də yetərli amil deyil. Çünki Azərbaycan tarixi Zəfərlə başa vurduğu Vətən müharibəsinin nətcələri ilə özünün regional liderlik mövqelərini daha da möhkəmlətdi. Azərbaycan bütün dünyaya birmənalı olaraq bəyan etdi ki, artıq Cənubi Qafqazda yeni, tamamilə fərqli reallıqlar formalaşıb və bundan sonra bu regionda hər hansı bir layihəni həyata keçirmək niyyətində olan istənilən ölkə ilk növbədə bu reallıqları qəbul etməli, həmin reallıqları yaradan ölkənin maraq və mənafeylərini nəzərə almalıdır.

Bu gün Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin olunması Avropa İttifaqının qarşısında duran ən vacib məsələlərdən biridir. Xüsusilə qitənin şərqində gedən mürəkkəb geosiyasi proseslər, hər an bütün Avropanı müharibə alovuna bürüyə biləcək təhlükəli hərbi münaqişənin hələ də davam etməsi fonunda Avropa İttifaqının Cənubi Qafqazda gedən proseslərə yeni baxış, yeni münasibət formalaşdırmaq niyyətini sərgiləməsi və bu istiqamətdə konkret addımlar atmağa başlaması tamamilə anlaşılandır. Özünün enerji təhlükəsizliyinin təmin olunması məqsədilə bu gün Azərbaycanın imkanlarından maksimum dərəcədə yararlanmaq niyyətini göstərən Avropa İttifaqı artıq postmüharibə dövründə Cənubi Qafqazda gedən proseslərə müəyyən dərəcədə nüfuz etmək imkanı əldə edə bilmək üçün yeni formatın yaradılmasının zəruriliyini də qəbul etdi. İlk növbədə də məhz elə bu baxımdan Prezident İlham Əliyevin 2022-ci il 6 aprel tarixli Brüssel səfəri ölkəmizin milli maraqlarının təmin olunması istiqamətində atılmış növbəti vacib addım oldu. Münaqişə başa çatdıqdan sonra ATƏT-in Minsk Qrupu avtomatik olaraq lazımsız bir təsisata çevrildi. Həmçinin qrupun həmsədr ölkələri arasında hazırda getdikcə gərginləşən münasibətlər də bu qurumun artıq heç bir prosesə real təsir imkanlarına malik olmadığını deməyə əsas verir. Lakin Avropa İttifaqının Cənubi Qafqazda olan geosiyasi maraqlarını heç kim ləğv etməyib. Əksinə, bu gün Aİ ölkələrinin enerji təhlükəsizliyinin təmin olunması məsələsi bu maraqları daha konkret formalarda ortaya qoyur. Məhz elə bu maraqların da təmin olunması naminə Avropa İttifaqı 44 günlük müharibədən sonra yaranmış yeni geosiyasi reallığı qəbul edir və öz mövqeyində yaranmış bu yeni reallığa əsaslanır.

- Eldar müəllim, yəqin Siz də razılaşarsınız ki, bu gün Azərbaycanın xarici siyasətində xüsusi diqqət mərkəzində saxladığı prioritet istqamətlərdən biri də Xəzər hövzəsi ölkələri ilə münasibətlərin formalaşması və inkişafıdır. Bu sahədə son vaxtlar əldə olunan irəliləyişlər barədə nə deyə bilərsiz?

- Təbii ki, Azərbaycan üçün Xəzəryanı ölkələrlə münasibətlərin inkişafı çox vacib məsələdir. Bu baxımdan iyunun 29-da Aşqabadda keçirilmiş Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısı çox böyük siyasi və tarixi əhəmiyyət kəsb edən bir hadisə oldu. İlk növbədə bu mötəbər beynəlxalq tədbir Xəzər dənizi hövzəsində yerləşən ölkələrin daha yaxınlaşmasına, dövlətlərarası münasibətlərin inkişafına xidmət edəcək. Bu gün getdikcə daha böyük sürətlə qloballaşan dünyada cərəyan edən hadisələrin fonunda belə yaxınlaşmaya hər ölkənin ehtiyacı var. Çünki belə yaxınlaşmalar qonşu ölkələrin qarşısında duran ümumi məsələlərin həlli istiqamətində birgə addımların atılması üçün əlverişli şərait yaradır. Təbii ki, Xəzəryanı dövlətlərin də qarşısında həllini gözləyən mühüm ümumi məsələlər var və Aşqabad Sammiti də məhz həmin məsələlərin həllinə yönəlmiş səylərin birləşdirilməsinə şərait yaradacaq. Sammitdə çıxış edən Ölkə Prezidenti cənab İlham Əliyev bu dəfə də qlobal düşüncə tərzi nümayiş etdirərək Azərbaycanın ölkələrimizin Xəzərdə qarşılıqlı fəaliyyətinə böyük əhəmiyyət verdiyini bildirdi.

Diqqətəlayiq haldır ki, bu gün Xəzəryanı dövlətlər arasında əməkdaşlığın hüquqi bazasının hetdikcə möhkəmləndiyini müşahidə edilir. Artıq bir çox sahələrdə, o cümlədən təhlükəsizlik, hidrometeorologiya, nəqliyyat, suyun bioloji ehtiyatlarının qorunub saxlanması və səmərəli istifadəsi və bir çox digər mühüm istiqamətlərdə sazişlər imzalanıb və qüvvəyə minib. Həmçinin əməkdaşlıq barədə sazişlərin yeni layihələri üzərində iş aparılır. Bu, çox önəmli göstəricidir və Xəzəryanı ölkələr arasında dostluq və mehriban qonşuluq münasibətləri, o cümlədən BMT, ATƏT, İslam Əməkdaşlığı Təşkilatı, Türk Dövlətləri Təşkilatı, MDB və İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində ikitərəfli və çoxtərəfli əməkdaşlıq Xəzər dənizində sabitliyin və təhlükəsizliyin təmin olunması baxımından ən mühüm amillərdəndir. Dövlətimizin başçısı Aşqabad Sammitində çıxış edərkən xüsusi olaraq vurğuladı ki, hövzə ölkələrinin qarşılıqlı fəaliyyətilərinin əsasını bütün tərəflərin mənafelərinin nəzərə alınması, Xəzəryanı dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə, müstəqilliyinə hörmət və bir-birinin daxili işlərinə qarışmamaq təşkil edir və Xəzər dənizi bu regionun bütün xalqlarının rifahının yüksəldilməsinə yönəlmiş bir çox beynəlxalq və regional layihələrin mühüm tərkib hissəsidir. O cümlədə, nəqliyyat infrastrukturunun inkişafı, nəqliyyat xidmətlərinin və multimodal daşımaların keyfiyyətinin yaxşılaşdırılması Xəzəryanı dövlətlər arasında əməkdaşlığın mühüm istiqamətidir. Bu sahədə bağlanmış ikitərəfli və çoxtərəfli müqavilələr Xəzər dənizi regionunun inkişaf etmiş infrastruktura malik iri beynəlxalq nəqliyyat qovşağına çevrilməsi üçün yaxşı təməl yaradır. Nəzərə almaq lazımdır ki, bu gün Azərbaycan artıq bütün Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Ölkəmiz Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynayır. Şərq-Qərb və Şimal-Cənub marşrutları üzrə Azərbaycan ərazisindən keçməklə yükdaşımalar, o cümlədən Yeni Ələt Beynəlxalq Dəniz Ticarət Limanından gələn tranzit yüklərin həcmi hər il artır. Təbii ki, regionun nəqliyyat arteriyalarının daha da şaxələnməsi üçün Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Qələbəsindən sonra daha geniş imkanlar yaranıb. Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması və Zəngəzur dəhlizinin açılması ilə bu imkanlar daha da artacaq. Belə ki, Zəngəzur dəhlizi Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizinin vacib elementinə çevriləndən sonra Azərbaycan üzərindən beynəlxalq yükdaşımaların həcmi dəfələrlə artacaq. Dəhlizin regionda yeni nəqliyyat imkanları yaratması Avropa ilə Asiyanın daha sıx birləşməsini təmin edəcək və bu birləşmənin geosiyasi əhəmiyyətini daha da yüksəldəcək.

- Azərbaycan bu gün bir çox beynəlxalq siyasi təsisatlarda uğurla təmsil olunur. Əlbəttə ki, bu mövzuda danışarkən ölkəmizin Qoşulmama Hərəkatında fəaliyyəti xüsusi qeyd olunmalıdır. Bu fəaliyyətin təşkilata üzv ölkələr tərəfindən yüksək qiymətləndirildiyinin daha bir göstəricisi isə Azərbaycanın Hərəkata sədrlik müddətinin 2023-cü ilin sonunadək uzadılması oldu. Bu barədə hansı fikirlərinizlə bölüşmək istərdiniz?

- Qoşulmama Hərəkatı BMT-dən sonra dünyanın ikinci ən böyük siyasi təsisatıdır. Azərbaycan 2011-ci ildən bu mötəbər təşkilatın üzvüdür və 2019-cu ildən Qoşulmama Hərəkatına sədrlik edir. Bütün bu illər ərzində ölkəmiz təşkilat daxilində yüksək fəallıq nümayiş etdirmiş, bütün üzv dövlətlərin maraqlarına cavab verən bir çox önəmli təşəbbüslərlə çıxış etmişdir. Bütün bunlar Azərbaycanın həm Qoşulmama Hərəkatı daxilində, həm də beynəlxalq arenada mövqelərinin möhkəmlənməsinə, nüfuzunun daha artmasına xidmət etmişdir. Bu ilin 30 iyun – 1 iyul tarixlərində Bakıda, Heydər Əliyev Mərkəzində keçirilmiş Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan Bakı konfransının da əsas məqsədi Azərbaycanın növbəti təşəbbüsünün həyata keçirilməsi, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsini yaradılması idi.

Bakı konfransında çıxış edən Ölkə Prezidenti cənab İlham Əliyev Azərbaycanın digər ölkələrlə münasibətlərin qurulmasında əsas kimi məhz Bandunq prinsiplərini götürdüyünü bir daha vurğuladı. Dövlətimizin başçısı bildirdi ki, əgər bütün ölkələr tərəfindən ərazi bütövlüyünün toxunulmazlığı, suverenliyin, müstəqilliyin tanınması, bir-birinin işlərinə müdaxilə etməmək kimi prinsiplərə əməl olunsaydı, o zaman heç bir müharibə, münaqişə və ədalətsizlik olmazdı. Təəssüflər olsun ki, bu gün də bəzi ölkələrə rəhbərlik edən hərbi-siyasi rejimlər bu prinsiplərdən çox uzaq olan meyarlar əsasında siyasət yürüdürlər ki, bu da regional münaqişə ocaqlarının yaranmasına səbəb olur. Azərbaycan isə hər zaman Bandunq prinsiplərinə riayət edib və bütün ölkələrin suveren hüquqlarına hörmətlə yanaşıb. Təbii ki, ölkəmizin bu prinsipial mövqeyi təşkilata üzv olan bütün ölkələr tərəfindən də yüksək qiymətləndirilir. 120 ölkənin yekdil qərarı ilə Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin 2023-cü ilin sonuna qədər uzadılması isə, heç şübhəsiz ölkəmizin fəaliyyətinin yüksək qiymətləndirilməsinin təsdiqidir. Azərbaycan Qoşulmama Hərəkatına sədrlik etdiyi dövrdə beynəlxalq müstəvidə təşkilata üzv ölkələrin qanuni maraqlarının müdafiəsi, ədalət və beynəlxalq hüququn qorunması naminə əməli addımlar atıb. O cümlədən Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan pandemiyaya qarşı qlobal səylərin səfərbər edilməsi üçün bir sıra beynəlxalq təşəbbüslərlə çıxış edib və pandemiya nəticəsində yaranmış təhdidlərə vaxtında və adekvat cavab verilməsi üçün ciddi səylər göstərib.

Qeyd olunmalıdır ki, Qoşulmama Hərəkatının təşviq etdiyi bütün ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət prinsipləri Azərbaycanın tarixi Qələbə ilə başa vurduğu Vətən müharibəsinin nəticələrinin mahiyyətində aşkar şəkildə öz əksini tapıb. Məhz bu səbəbdən Təşkilata üzv ölkələr hər zaman beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə dəstək veriblər. Öz çıxışında Prezident İlham Əliyev bu məsələyə xüsusi toxundu və bildirdi ki, Azərbaycan bu həmrəyliyə görə təşkilatın bütün üzv ölkələrinə minnətdardır. Heç bir şübhə ola bilməz ki, Qoşulmama Hərəkatının Sədri kimi Azərbaycan beynəlxalq münasibətlərdəki qlobal çağırışların həlli istiqamətində Hərəkatın rolunun daha da gücləndirilməsi, habelə ədalətin, beynəlxalq hüququn və Qoşulmama Hərəkatına üzv dövlətlərin legitim maraqlarının müdafiəsi istiqamətində səylərini bundan sonra da gücləndirəcək.

- Bir az öncə biz Azərbaycan – Avropa İttifaqı münasibətlərindən bəhs etdik. Təbii ki, Azərbaycanla əməkdaşlıq əlaqələrinin həm əhatəliliyinə, həm də möhkəmliyinə görə Avropa ölkələri arasında İtaliya Respublikasının xüsusi yeri var. Məhz bu baxımdan Prezident İlham Əliyevin İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın dəvəti ilə avqustun 31-dən sentyabrın 2-dək davam edən Romaya işgüzar səfərinin əhəmiyyətini necə şərh edə bilərsiz?.

- İlk öncə qeyd edim ki, İtaliya Avropanın Avropanın ən böyük iqtisadiyyatlarından birinə sahib olan bu ölkədir və Azərbaycanın İtaliya ilə sıx dostluq və əməkdaşlıq əlaqələri mövcuddur. Deyə bilərik məhz İtaliya ki, Avropa İttifaqı ölkələri arasında Azərbaycanla daha geniş və möhkəm əməkdaşlıq əlaqələrinə malik olan ölkədir. Hələ 2020-ci ildə Azərbaycan Prezidenti cənab İlham Əliyevin İtaliya Respublikasına olan dövlət səfəri zamanı ölkələrimiz arasında 28 sənəd imzalanmışdı. Həmin sənədlər arasında “Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə” xüsusi əhəmiyyət kəsb edir. Məhz bu sənəd Azərbaycan və İtaliya arasında münasibətlərin inkişafında başlıca plan rolunu oynayır və özündə siyasi dialoq, ticari-iqtisadi münasibətlər, enerji, nəqliyyat-kommunikasiya, elm, təhsil, mədəniyyət, humanitar, müdafiə sahələrində əlaqələrin inkişafına dair xeyli məsələləri ehtiva edir. İtaliya hər zaman Azərbaycanın Avropa İttifaqı ilə yaxınlaşmasını, eləcə də ölkəmizin NATO ilə daha sıx əməkdaşlıq qurmaq səylərini daim ən fəal şəkildə dəstəkləyib. Bu gün isə, Azərbaycanın ümumiyyətlə Avropa İttifaqı ölkələrinin enerji təhlükəsizliyi məsələsində rolu getdikcə artmaqdadır. Avropanın aparıcı ölkələri gələcəyə dair qurduqları strateji planlarına Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlıq münasibətlərini getdikcə daha çox daxil etməyə üstünlük verirlər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın dəvəti ilə avqustun 31-dən sentyabrın 2-dək davam edən Romaya işgüzar səfəri də bunu bir daha təsdiq etdi. Bu səfər çərçivəsində enerji, iqtisadiyyat, elm və təhsil kimi strateji sahələr üzrə yeni tərəfdaşlıq platformalarının yaradılması ölkələrimiz arasında əməkdaşlığın yeni bir səhifəsini açmış oldu.

Digər tərəfdən isə Möhtərəm dövlət başçımızın İtaliyaya rəsmi səfər çərçivəsində sentyabrın 2-də Çernobbio şəhərində “The European House – Ambrosetti” beyin mərkəzi tərəfindən təşkil edilən “Dünya, Avropa və İtaliyaya baxış” və “Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi” mövzusunda keçirilən 48-ci beynəlxalq Çernobbio Forumuna dəvət olunması və bu mötəbər tədbirdə əsas qonaq qismində iştirakı özü-özlüyündə xüsusi əhəmiyyət kəsb edən bir hadisədir. İlk növbədə nəzərə almaq lazımdır ki, Mərkəzi Avropada, eləcə də bu məkanın hüdudlarından kənarda əhatəli tərəfdaşlıq şəbəkəsinə malik olan “The European House – Ambrosetti” beyin mərkəzi 1965-ci ildən fəaliyyət göstərir və və hazırda İtaliyanın idarəetmə-məsləhət xidməti sahəsində 1 nömrəli beyin mərkəzi hesab olunur. Həmçinin bu təsisat Avropada ilk onluqda qərarlaşmaqla İtaliya və Avropa şirkətləri üçün əhəmiyyətli olan məsələlərin müzakirə olunduğu forumlar və müxtəlif beynəlxalq tədbirlər təşkil edir. Bununla da “The European House – Ambrosetti” ilk növbədə İtaliya şirkətlərinin qlobal tərəfdaşları ilə əlaqələrinin yaradılmasına və əməkdaşlığın təşviqinə böyük töhfələr verir. Eyni zamanda da bu beyin mərkəzi təqdim etdiyi yüksək səviyyəli beynəlxalq müzakirə platformalarında ikitərəfli iqtisadi gündəmləri inkişaf etdirmək iqtidarında olan liderləri bir araya gətirməklə Avropa İttifaqı üçün əlverişli potensiala malik ölkələrlə əməkdaşlığın təşviqinə xidmət edir.

- Xüsusən də hazırda bu əməkdaşlığın inkişafında Avropa ölkələrini daha çox maraqlı edən bir çox əhəmiyyətli amillər mövcuddur...

- Əlbəttə, bu gün Avropanı bürüyən böhran dalğası Rusiya-Ukrayna müharibəsi səbəbi ilə getdikcə daha da dərinləşir. Aydındır ki, alternativ enerji təchizatçıları axtarışında olan Avropa İttifaqı ilk növbədə zəngin enerji ehtuyatlarına, təbii resurslara malik ölkələrə diqqətini yönəldir. Lakin sadəcə zəngin ehtiyatlara sahib olmaq hələ etibarlı təchizatçı, etibarlı tərəfdaş qismində çıxış edə bilmək anlamına gəlmir. Strateji tərəfdaşlıq bir çox vacib amillərin təmin olunmasını tələb edir. Təbii ki, Avropa ölkələri əməkdaşlıq edəcəkləri ölkələrin coğrafi yerləşməsindən tutmuş, həmin ölkələrin əhatəsində mövcud olduqları qonşu dövlətlərlə münasibətlərinə, ölkədaxili ictimai-siyasi sabitliyin davamlılığına və bir çox digər göstəricilərə qədər ən müxtəlif istiqamətlərdə əsaslı təhlillər və qiymətləndirmələr aparırlar. Ölkə Prezidenti cənab İlham Əliyevin respublikamıza rəhbərlik etdiyi dövr ərzində Azərbaycanın stabil ictimai-siyasi daxili mühitə, dinamik inkişaf edən iqtisadiyyata sahib olan, tam müstəqil xarici siyasət yürüdən, güclü, eyni zamanda da üzərinə götürdüyü bütün beynəlxalq öhdəlikləri hər zaman yerinə yetirən məsuliyyətli bir ölkəyə çevrilməsi əlbəttə ki, dünya dövlətlərinin diqqətindən kənarda qalmır. Bu gün isə Azərbaycan Prezidentinin fəaliyyəti hər zaman olduğundan daha artıq diqqətlə izlənilir, təhlil edilir.

Beynəlxalq Çernobbio Forumda çıxış edən Azərbaycan Prezidenti cənab İlham Əliyevin söylədiyi kimi, hər bir müstəqil ölkə kimi, Azərbaycan üçün də xarici amillərdən müdafiə olunmaq əsas məsələlərdəndir. Keçən il müstəqilliyinin 30-cu ildönümünü qeyd edən Azərbaycan heç bir zaman özünü nəhəng qonşuların siyasətinə uyğunlaşdırmayıb, beynəlxalq hüquq, ədalət, beynəlxalq təşkilatların qərarları və sənədləri, həmçinin müdriklik üzərində formalaşan siyasət yürüdərək, sabit siyasi və iqtisadi mövqeyə yiyələnib ki, bu da xarici ölkələrlə həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlıq münasibətləri qurmaq imkanı verir.

- Eldar müəllim, hər zaman olduğu kimi, səmimi və ətraflı müsahibənizə görə Sizə təşəkkür edirik. Sağ olun.

- Siz də sağ olun.

Söhbətləşdi: Azər Məmmədov
aia.az

  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Dekabr 2024    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Qalereya