» » “Putinin “tarixi Rusiya torpaqları” iddiasının Azərbaycana heç bir dəxli yoxdur”

“Putinin “tarixi Rusiya torpaqları” iddiasının Azərbaycana heç bir dəxli yoxdur”

  • 10-07-2020, 11:35
  • Dünya
  • 0
  • 343
“Putinin “tarixi Rusiya torpaqları” iddiasının Azərbaycana heç bir dəxli yoxdur”


Elxan Şahinoğlu: “Rusiya Prezidenti istəyir ki, SSRİ formasında yeni bir imperiya yaratsın”

Rusiya Prezidenti Vladimir Putinin keçmiş SSRİ-nin tərkibindən ayrılan ölkələrə qarşı ərazi iddiası irəli sürməsi günlərdir müzakirə mövzusudur. Rusiya lideri Konstitusiya dəyişikliyi üçün iyulun 1-də keçirilən referendumdan az öncə “Birinci kanal”ın “Rossiya. Kreml. Putin” proqramına danışarkən, SSRİ məsələsinə də toxunub. Rusiya lideri iddia edib ki, SSRİ yaradıldığı zaman bir çox ölkələr Rusiyadan torpaqlar alıb. Bu torpaqları Putin “ənənəvi tarixi rus torpaqları” adlandırıb. Və qeyd edib ki, həmin ölkələr SSRİ-nin tərkibindən çıxanda, o torpaqları da öz ərazilərində saxlayıb.

Putin söhbətin hansı ölkələrdən və hansı ərazilərdən getidiyini açıqlamayıb. Lakin deyib ki, “SSRİ yaradıldığı zaman onun tərkibindən çıxmaqla bağlı müqavilədə bənd olub, ancaq bunun proseduru müəyyən edilməyib”.

Eksertlər Kreml rəhbərinin bu fikrini Konstitusiya dəyişikliyinə dair səsvermə ərəfəsində ictimaiyyətə hesablanmış çıxış hesab edirlər. Qənaət belədir ki, Putin bununla öz seçicilərinə SSRİ-nin bərpa edilə biləcəyinə işarə etməklə yanaşı, rusların vətənpərvərlik duyğularından yararlanmağa da çalışıb.

Lakin bəzi fikirlər də var ki, Putin bu iddiaları təbliğat kimi istifadə etmək üçün səsləndirmir, doğrudan da Kreml rəhbərinin belə qorxulu niyyəti var. Analitiklər bildirirlər ki, Putin Müstəqil Dövlətlər Birliyinin (MDB) ölkələrini hər zaman ram etmək, rəsmi Moskvanın təsirinə salmaq niyyəti güdür.

Rusiya Prezidentinin ərazi iddiaları məsələsini AYNA-ya “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu şərh edib. O, Putinin məqsədləri haqqında maraqlı fikirlər səsləndirib. Siyasi icmalçı hesab edir ki, Putin heç vaxt sıradan bir fikir söyləmir.

– Nə zaman belə ajiotaj yaradacaq çıxış edirsə, demək ki, onun cızdığı bir plan var. Əvvəlki prezident seçkiləri ərəfəsində Avrasiya İqtisadi Birliyi (AİB) ilə bağlı böyük bir məqaləsi mətbuatda çap olunmuşdu. Prezident olduqdan sonra həmin məqalədə əks olunan fikirləri reallaşdırmağa başladı. Düzdür, necə reallaşdıra bildi, AİB işlək quruma çevrilə bilmədi – bu, başqa məsələdir. SSRİ ilə bağlı Putinin müxtəlif vaxtlarda müxtəlif fikirləri olub. Sovetlərlə bağlı ən yaddaqalan düşüncəsi vardı ki, SSRİ-nin dağılmasını “böyük fəlakət” adlandırmışdı. Bu, Qərb mətbuatında da geniş şəkildə işıqlandırıldı. Demək ki, Rusiya lideri SSRİ-nin dağılmasını fəlakət sayır. Daha sonra zaman-zaman bu fikri genişləndirməyə başladı. Son müsahibəsində yenə də bu mövzuya qayıtdı və bildirdi ki, “SSRİ-nin bərpasından heç kəs qorxmasın, bu, heç kimə təhlükə yaratmır”. Daha sonra bildirdi ki, “SSRİ dağılarkən bəzi dövlətlər Rusiyanın tarixi torpaqlarını götürüb”. Qeyd etdi ki, “əgər bu dövlətlər müstəqil olurdusa, bizim tarixi torpaqlarımızı qaytarıb, sonra müstəqil olardılar”. Putin bu sözləri çox aramla söylədi və bu zaman kamera onu çox böyük planda göstərirdi. Hiss olunur ki, Prezidentin danışığının bu hissəsi daha geniş və qabarıq yayımlanması barədə əvvəlcədən tapşırıq verilib. Hesab edirəm ki, SSRİ ilə bağlı Rusiya liderinin dedikləri MDB məkanına mesajdır.

interview.az - 

– Putinin ifadələrində MDB-yə hansı mesajlar var?

– Son illərdə Putin bu istiqamətdə siyasətini yürüdür. 2008-ci ildə Gürcüstana qarşı müharibədə Cənubi Osetiya və Abxaziya işğal olundu. Halbuki, bu iki bölgənin Rusiyanın tarixi torpaqlarına heç bir aidiyyəti yoxdur, birində osetinlər, digərində abxazlar yaşayır. Daha sonra 2014-cü ildə Rusiya Ukraynaya hücum etdi, Krım ilhaq olundu. Daha sonra Donbasda separatçı bölgə yaratdı. Putin öz düşüncəsinə görə, burada da “Rusiyanın tarixi torpaqları”nı geri qaytarırdı. Hətta, Ukrayna ilə bağlı Kremlin başqa bir fikri də var idi, sonra onun reallaşdırılmasından geri çəkildi. Bu da “Novorossiya” ideyası idi. Putinin “Novorossiya” ideyası o demək idi ki, Ukraynanın öz tarixi torpaqları olmayıb, ölkənin şərq hissəsi Rusiyaya aiddir. Guya, Ukraynanın ərazisi Qərb tərəfdə xırda bir ərazidir. Rusiya Donbasla bərabər Xarkovu, Dnepri, Nikolayevi, Xerson və Odessanı da öz tarixi ərazisi sayır. Putin bu ideyadan bir müddət sonra geri durdu, çünki müharibəni genişləndirməyə risk etmədi. Görünən odur ki, Putinin beynində bu ideyalar hələ də qalmaqdadır.

– Konstitusiyaya dəyişiklik referendumu Putinin lehinə nəticələndi. Bundan sonra Putin 2036-cı ilə kimi Prezident kürsüsündə qala bilər. O zaman bu ideyanın reallaşdırılması istiqamətində addımlar ata bilərmi?

– Görünən odur ki, Putin Konstitusiya dəyişikliyindən sonra hələ 16 il hakimiyyətdə qalacağını güman edir. Hesab edirəm ki, bu illərdə o, sözügedən ideyalarını reallaşdırmağa çalışacaq. Putinin ərazilərlə bağlı ideyaları çox təhlükəlidir. Putin Rusiyanın tarixi torpağı adı ilə daha hansı ərazilərə iddia edə bilər? Bir Qazaxıstan qalır. Vaxtilə rus millətçiləri belə fikir səsləndirirdilər ki, guya Qazaxıstan adlı dövlət yoxdur, oralar “qədim rus torpaqlarıdır”. Elə Putin özü də bir neçə il öncə açıqlama vermişdi ki, Nursultan Nazarbayev olmasaydı, Qazaxıstan adında dövlət olmayacaqdı. Bu, o deməkdir ki, Nazarbayevin yerinə başqası olsaydı, Rusiya “tarixi torpaqlarını” geri alacaqdı. Həm də bir mesaj vermişdi ki, gələcəkdə Qazaxıstan rəhbərliyi xarici siyasətində korrektə edərək Rusiyadan uzaqlaşsa, Rusiya Ukraynaya etdiyi həmləni Qazaxıstana qarşı da edə bilər.

– Putin bu təhlükəli planlarını ciddi şəkildə reallaşdırmağa start verərsə,  MDB daxilində müharibələrlə nəticələnə bilərmi?

– Əlbəttə, böyük müharibələrə rəvac verə bilər. Çünki, mən inanmıram ki, Putindən başqa keçmiş SSRİ-nin hansısa formada bərpasını istəyən MDB dövləti və ya həmin dövlətlərin rəhbərləri var. Hətta, Rusiyanın ən yaxın müttəfiqi sayılan Belarus belə, Moskvanın əlaltısı olmaq istəmir. Belarus lideri Aleksandr Lukaşenko dəfələrlə bu haqda kəskin açıqlamalar verib. MDB məkanının dövlətləri Rusiya ilə sadəcə bərabərhüquqlu əməkdaşlığa razıdır. Ola bilər ki, Putin növbəti prezident seçkiləri ərəfəsində bu təhlükəli ideyalarını yenə də ortaya atacaq. Belə baxanda MDB var, Avrasiya İqtisadi Birliyi var. Deməli bunlar Putin üçün azdır. O istəyir ki, SSRİ formasında bir imperiya yaratsın. Amma təkrar edirəm, özündən başqa heç kim buna razılaşmayacaq. Belə olan halda tək yol qalır: müharibə, güc yolu. Rusiya isə hazırda o vəziyyətdə deyil ki, eyni anda bir neçə dövlətlə müharibə aparsın. Rusiya hər halda SSRİ də deyil. Düzdür, güclü ordusu var, hərbi-sənaye kompleksi kifayət qədər böyükdür. Amma eyni zamanda, dövlətlərlə müharibə aparmağa Kreml risk etməz. Sadəcə Putin ideyalarını ortaya atıb, bu istiqamətdə müzakirələr başlatmaq istəyir. Onun sonrakı planlarını da gələcəkdə biləcəyik.

– Qafqazla bağlı planlarına nə daxil ola bilər?

– Qafqaz ölkələrindən olan Gürcüstanla bağlı Putinin ideyası məlumdur. Azərbaycana qarşı isə Rusiya heç vaxt tarixi torpaq adı ilə iddia qaldıra bilməz. Əksinə, Azərbaycan dünyada tək-tük ölkələrdən biridir ki, öz əraziləri ilə həmsərhəddir. İranda Cənubi Azərbaycan əraziləri, Ermənistanda Qərbi Azərbaycan əraziləri, Gürcüstanda Borçalı, Rusiyanın özündə Dərbənd – bunlar tarixi Azərbaycan əraziləridir. Amma biz sivil dövlətik, tarixi Qərbi Azərbaycan torpaqlarından başqa heç bir ərazilərə iddia etmirik. Ermənistandan başqa digər qonşularla bizim yaxşı, normal əlaqələrimiz, tərəfdaşlığımız var. Nə Gürcüstana ərazi iddiamız var, nə Rusiyaya, nə də İrana. Ermənistana qarşı isə bəli, var. İşğalda olan Dağlıq Qarabağ və ətraf rayonlar Azərbaycana qaytarılmalıdır. Qərbi Azərbaycanla bağlı da müxtəlif ideyalarımız var. Yəni ki, Putinin “Rusiyanın tarixi torpaqları” ideyasının Azərbaycana heç bir aidiyyəti yoxdur. Əksinə, Putinin məntiqi ilə yanaşsaq, o zaman gərək biz də deyəydik ki, SSRİ dağılıb, Rusiya müstəqil olanda Azərbaycanın tarixi torpağı olan Dərbəndi qaytaraydı. Amma biz bu iddiada deyilik. Rəsmi Bakı Ermənistandan başqa heç bir qonşu ölkə ilə münasibətlərin gərginləşdirilməsində maraqlı deyil. Ermənistanla gərginlik də, onların ərazilərimizi işğal etməsi və bu işğalçılığı hələ də davam etdirməsinə görədir.   /ayna.az/
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    Bütün xəbərlər
    «    Aprel 2024    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    Qalereya