» » ŞUŞA BƏYANNAMƏSİ BÖYÜK ZƏFƏRİN DAVAMIDIR

ŞUŞA BƏYANNAMƏSİ BÖYÜK ZƏFƏRİN DAVAMIDIR



Türk Cümhuriyyətinin banisi Qazi Müstafa Kamal Atatürk “ Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” kəlamı və Ümummilli lider Heydər Əliyevin "Bir millət, iki dövlət'' prinsipinə uyğun olaraq, bu gün Azərbaycan-Türkiyə əməkdaşlığı uğurla inkişaf edir. Ortaq maraqların və dəyərlərin birləşdirdiyi bu iki ölkə dünya miqyasında ən yaxın strateji müttəfiqlər kimi daim bir-birinin yanındadır. Qırx dörd günlük Vətən müharibəsi zamanı Türkiyənin Azərbaycana verdiyi güclü siyasi və mənəvi dəstək buna bariz nümunədir. Belə ki, savaş dövründə ilk günlərdən etibarən Türkiyə Prezidenti açıqlamalar verirdi ki, Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır. Əslində, bu, diplomatik dildə bir çox ölkələr və beynəlxalq təşkilatlar üçün bir mesaj idi, yəni, "kənarda durun, müdaxilə etməyin, Azərbaycana mane olmayın'' anlamını ifadə edirdi. Başqa sözlə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın açıq, birmənalı və sərt açıqlamaları Azərbaycan xalqını hədsiz sevindirirdi.
2021-ci il iyunun 15-i Azərbaycan tarixində əlamətdar gün kimi qalacaq. Tariximizdə ilk dəfə olaraq Azərbaycan lideri xarici dövlətin başçısını Qarabağda-mədəniyyətimizin beşiyi olan-Şuşada qarşıladı. Bizim üçün mühüm mənəvi əhəmiyyət kəsb edən Şuşa şəhərində Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Bəyannamənin imzalanması, sözsüz ki, gələcək dərsliklərə yazılacaq mühüm tarixi hadisə kimi yaddaşlarımıza həkk olundu.
Şuşa Bəyannaməsinin məhz Azərbaycan xalqının Qurtuluş günü - 15 iyun tarixinə və Qarabağ, Zəngəzur üçün çox vacib sayılan Qars müqaviləsinin 100-cü ildönümünə təsadüf etməsinin xüsusi rəmzi mənası var. Biz tarixin təkrarlanmasının və oxşar hadisələrin yenidən baş verməsinin şahidiyik. İndi də bölgə uğrunda ABŞ, Rusiya, Britaniya, Fransa, İran kimi dövlətlərin açıq mübarizəsi müşahidə olunmaqdadır. Lakin bu dəfə fərq ondan ibarətdir ki, hadisələr Azərbaycanın xeyrinə və maraqlarına uyğun cərəyan edir. Təsadüfi deyil ki, Şuşada Türkiyə lideri ilə Bəyannamə imzalayarkən dövlət başçısı İlham Əliyev hər kəsin yadına Qars müqaviləsini saldı. O qeyd etdi: “Tarixi Qars müqaviləsi düz yüz il əvvəl imzalanıb. Bu da böyük rəmzi məna daşıyır. Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanmış birgə bəyannamə bizim gələcək işbirliyimizin istiqamətini göstərir. Bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapır. Beynəlxalq müstəvidə birgə əməkdaşlıq, fəaliyyətimiz, siyasi əlaqələr, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, demək olar ki, bütün sahələr əhatə olunur. Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan, dünya üçün önəmi göstərilir. Hər bir məsələ çox böyük önəm daşıyır”.
Təbii ki, Prezident İlham Əliyevin Qars müqaviləsinə və 100 il bundan əvvəl baş verənlərə istinad etməsi təsadüfi deyil. Çünki 100 il bundan əvvəl baş tutan proseslərə oxşar hallar, indi də təkrarlanmaqdadır. Sadəcə bir fərq ilə. Əgər o zaman hadisələrin nəticəsi Ermənistanın və onun havadarlarının xeyirinə başa çatmışdısa, bu gün Cənubi Qafqazda yaranmış yeni reallıq Azərbaycan dövlətinin və xalqının birbaşa qalibiyyəti deməkdir. Ölkəmizin başçısının apardığı uzaqgörən siyasət nəticəsində xalqımız düz 100 il sonra tarixi ədaləti bərpa etdi.
Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış Şuşa Bəyannaməsi bütün dünyanın barışmalı olduğu tarixi gerçəklikdir. Hər iki ölkənin ümumi maraqlarının qorunmasında imkanların birləşdirilməsinə, eləcə də müştərək maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərinin qarşılıqlı şəkildə əlaqələndirilməsinə istiqamətlənən saziş Bakı və Ankaranın başçılığı altında yeni regional geosiyasi konfiqurasiyanın qurulmasının başlanğıcıdır. Bu, regionda 200 ilə yaxın davam edən geosiyasi konfiqurasiyaların dağıdılması və bundan sonra Azərbaycan-Türkiyə tandeminin rəhbərliyi altında davam edəcək yeni regional düzənin başlanğıcı deməkdir.
Azərbaycan və Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsi iki ölkə arasında münasibətlərdə inqilabi gerçəklikdir. 15 iyun 2021-ci il tarixindən başlayaraq Bakı və Ankara hərbi-siyasi, iqtisadi sahələrdə müttəfiqliklərini rəsmi şəkildə elan etdi. Bəyannamədə diqqəti çəkən ən vacib məqamlardan biri hərbi sahədə əməkdaşlıq və müttəfiqliklə bağlıdır. Burada qeyd edilir ki, iki dövlətin ərazi bütövlüyünə, suverenliyinə üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, bir-birini qoruyacaqlar. Bəyannamədə deyilir: “Tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, Tərəflər birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər. Bu yardımın həcmi və forması təxirə salınmadan keçirilən müzakirələr yolu ilə müəyyən edilərək birgə tədbirlər görülməsi üçün müdafiə ehtiyaclarının ödənilməsinə qərar veriləcək və Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyəti təşkil olunacaqdır”.
Bu müddəanın Bəyannamədə qeydə alınması bu gün Ermənistandakı revanşist qüvvələrdən tutmuş, ayrı-ayrı qonşu və qeyri-regional dövlətlər üçün çox mühüm ismarıcdır. Şuşa Bəyannaməsi ilə Türkiyə açıq şəkildə Azərbaycanın ərazi bütövlüyünün pozulması, dövlət sərhədlərinə təhdid kimi halların baş verməsi halında, ordu ilə ölkəmizin yanında yer alacağını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır. Təbii ki, öncə söhbət bölgədə əsrlərdir erməni məsələsi adı altında öz dövlət maraqlarını reallaşdıran aktorlardan və dövlətlərdən gedir. Bundan sonra bütün qonşu dövlətlər və dünya ictimaiyyəti bilməlidir ki, Azərbaycanın dövlət suverenliyini təhdid etmək fikrinə düşənlər yeni regional hərbi-siyasi blokla qarşılaşacaqlar.
İki qardaş ölkə həm də iki dövlətin silahlı qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səylərin göstərilməsi, müdafiə qabiliyyətlərinin və hərbi təhlükəsizliyinin möhkəmləndirilməsinə yönələn tədbirlərin həyata keçirilməsi, iki ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılması, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunmasında sıx əməkdaşlığı və bu məqsədlə səlahiyyətli struktur və qurumların əlaqəli fəaliyyətinin təmin edilməsinin təşviq olunması ilə bağlı da razılığa gəldi. Hər iki ölkənin Təhlükəsizlik Şuralarının milli təhlükəsizlik məsələləri üzrə müntəzəm olaraq birgə iclaslarının keçirilməsi və bu iclaslarda milli mənafe, ölkələrin maraqlarına toxunan regional və beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirəsinin həyata keçirilməsinə dair razılıq əldə olunması Azərbaycan və Türkiyə arasında münasibətlərin necə sıx və prinsipial olduğunun göstəricisidir. Bu o deməkdir ki, bundan sonra Azərbaycan və Türkiyənin Təhlükəsizlik Şuraları müntəzəm olaraq birgə iclaslar keçirəcək və təhdidlərə qarşı birgə fəaliyyət göstərəcəklər.
Müqavilədə digər vacib məqamlardan biri iqtisadi-nəqliyyat məsələləri ilə bağlıdır. Azərbaycan və Türkiyə arasında imzalanan Bəyannamədə xüsusilə tarixi türk torpağı Zəngəzur dəhlizinin adının hallanması tarixi gerçəkliyi və hədəfləri göstərən mühüm amildir. Bəyannamədə milli iqtisadiyyatların və ixracın şaxələndirilməsi üzrə səylərin artırılması, malların sərbəst hərəkətinin təşkili mexanizmlərinin yaradılması istiqamətində zəruri tədbirlərin görülməsi, Cənub Qaz Dəhlizinin səmərəli şəkildə istifadə olunmasına və daha da inkişaf etdirilməsinə yönəldilmiş səylərin əlaqələndirilmiş şəkildə davam etdirilməsi, intellektual nəqliyyat sistemləri texnologiyalarından istifadə etməklə beynəlxalq nəqliyyat dəhlizlərinin Azərbaycan-Türkiyə hissələrində tranzit-nəqliyyat potensialının daha da inkişafı, Azərbaycan və Türkiyəni birləşdirən Zəngəzur dəhlizinin açılması, regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafının təşviqi kimi aktual məsələləri yer alır. Sənəddə xüsusilə vurğulanır ki, Türkiyə ilə Azərbaycanı və Azərbaycanın qərbdəki bölgələriylə Naxçıvan Muxtar Respublikasını birləşdirən dəhlizin (Zəngəzur dəhlizi) açılması və onun davamı olaraq Naxçıvan-Qars dəmir yolunun inşası iki ölkə arasında nəqliyyat-kommunikasiya əlaqələrinin intensivləşməsinə əhəmiyyətli dərəcədə kömək edəcək.
Tarixi gerçəklik olan Zəngəzur dəhlizinin açılışı sözsüz ki, yüz ildən çoxdur, bölgədə ermənilərin apardığı anti-Turan təbliğatına mühüm zərbədir. Burada xüsusi qeyd edilməlidir ki, ermənilər xristian ölkələrindəki lobbi qrupları vasitəsilə uzun müddət idi ki, Qafqazda xristian-vassal dövlətin qurulmasının vacibliyini vurğulayır, Turan bəhanəsini gətirərək öz geosiyasi çəkilərini artırmağa cəhd edirdilər. Lakin 2020-ci ilin payızında Qarabağda müharibənin Azərbaycanın qalibiyyəti ilə nəticələnməsi, Zəngəzur vasitəsilə yeni nəqliyyat dəhlizinin açılması Ermənistan Respublikasının bu vaxta qədər davam edən geosiyasi çəkisinə mühüm zərbə olacaq və bir sıra dövlətlərin baxış bucaqlarında ermənilərin indiyə qədər olan “əhəmiyyəti” xeyli azalacaq.
Bəyannamənin imzalanması ilə Azərbaycan və Türkiyə, həm də bir-biri ilə ticarət-iqtisadi münasibətlərdə milli iqtisadiyyatların və ixracın şaxələndirilməsinə, malların sərbəst hərəkətinin təşkilinə nail olacaq.
Unutmayaq ki, bir müddət əvvəl həm də, Azərbaycan və Türkiyə vətəndaşlarının şəxsiyyət vəsiqəsi ilə səyahət etmələri haqqında razılaşma əldə edilib. Deməli, Şuşa Bəyannaməsi ilə iki ölkə arasında turizm, ticarət əlaqələrində yeni səhifənin açılmasına şahidlik edəcəyik. Bu, həm də, bundan sonra iki dövlət arasında sərhədinin formal xüsusiyyət daşıdığının göstəricisidir.
Şuşa Bəyannaməsi haqqında danışarkən xüsusi vurğulayacağımız istiqamət siyahısında hazırda aktual xarakter daşıyan informasiya siyasəti və lobbiçilik məsələlərini qeyd etmək olar. Belə ki, tərəflərin beynəlxalq arenada daha effektiv fəaliyyəti üçün media platforması və diaspor sahəsində birgə addımlarına ehtiyac var. Bəyannamədə Azərbaycan-Türkiyə Media Platformasının imkanları çərçivəsində iki ölkənin aidiyyəti qurumları arasında informasiya, kommunikasiya və ictimai diplomatiya sahəsində əməkdaşlığın daha da gücləndirilməsi və Azərbaycan və türk diasporları arasında əməkdaşlığın daha sıx inkişaf etdirilməsi, ümumi problemlər qarşısında birlikdə addımların atılması və ardıcıl həmrəylik göstərilməsi kimi müddəaların yer alması da deyilənlərin bariz nümunəsidir.
Həmçinin, Bəyannamədə Azərbaycan və Türkiyənin xarici siyasət davranışları ilə bağlı müddəa da yer alır. Sənəddə qeyd edilir ki, tərəflər öz milli maraq və mənafelərinin təmin edilməsinə yönəlmiş müstəqil xarici siyasət aparır. Sənədə əsasən, beynəlxalq münasibətlərin inkişafı, yerli, bölgə və qlobal təhlükəsizlik və sabitlik məsələlərinin həlli üçün birgə səylər göstəriləcək.
Bunun üçün xarici siyasət sahəsində koordinasiyanın və ikitərəfli siyasi məsləhətləşmələrin vacibliyini vurğulanır. Bu istiqamətdə Türkiyə və Azərbaycan arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası çərçivəsində fəaliyyətin əhəmiyyəti qeyd olunur.
Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşündən sonra “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması Böyük Zəfərin davamıdır. Bu Bəyannamə münasibətilə bir vətəndaş olaraq Azərbaycan və Türkiyə başda olmaqla, bütün türk xalqlarını, türk dünyasını, bölgədə sülh və sabitlik tərəfdarı olan hər bir tərəfi təbrik edirik. Şuşa Bəyannaməsi ümumilikdə sülh, sabitlik, inkişaf və tərəqqi deməkdir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı Qələbə bütün dünyaya vətən sevgisi və torpaq məhəbbətinin tərənnümü mesajı olub. Artıq işğal geridə qalıb. İndi qurub-yaratmaq dövrüdür. Azərbaycan və Türkiyə bu missiyanı da çiyin-çiyinə yerinə yetirəcəklər.
Azərbaycan-Türkiyə münasibətlərinin bu şəkildə inkişafı dostlarımızı sevindirir, ölkəmizin güclənməsini, rifahını və təhlükəsizliyini istəməyənləri isə məyus edir. İşğaldan azad olunmuş ərazilərin bərpası prosesi sürətlə həyata keçirilir. Vətən müharibəsində olduğu kimi, işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma işlərində də Azərbaycan ilə Türkiyə arasında sıx əməkdaşlıq mövcuddur. Tərəfdaşlığın əhəmiyyətini və ölkələrin qüdrətini artıran hərbi sənaye sahəsindəki əməkdaşlıq genişlənir. İkinci Qarabağ müharibəsində pilotsuz uçuş aparatları böyük rol oynayıblar. Müdafiə sənayesi sahəsində əlaqələrin inkişafı ölkələrin hərbi qüdrətini artıracaqdır. Azərbaycan bu prosesdə istehsal mərkəzi kimi inkişaf edəcəkdir. Vətən müharibəsindən sonra Azərbaycan Prezidenti Milli Ordumuz haqqında danışarkən Azərbaycanda Türkiyə Ordusunun kiçik modelini yaratmaq barədə öz fikirlərini səsləndirmişdi. Türkiyə Ordusu isə dünyanın ən döyüş qabiliyyətli və modern ordularından biridir. İmzalanan Şuşa Bəyannaməsi həm də bu istiqamətdə real addımların atılmasını təmin edəcək. Bu sənəd Cənubi Zəngəzur dəhlizinin açılması ilə əlaqədar olaraq müvafiq tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Bütün bunlarla yanaşı media, diaspor, xarici siyasətdə birgə hərəkətetmə, təhsil, iqtisadiyyat, müasir texnologiyalar, birgə investisiya planları və s. sahələrdə də əməkdaşlığın daha da dərinləşdirilməsini nəzərdə tutulur ki, bu da iki qardaş ölkə arasında tərəfdaşlığın inkişafı üçün yeni üfüqlər açmaqla, həm də regional əməkdaşlığı və qarşılıqlı inteqrasiyanı təşviq edir.
Beləliklə, Azərbaycan və Türkiyə 15 iyun 2021-ci ildə tarixi addım ataraq, bölgənin geosiyasi mənzərəsini dəyişəcək Bəyannaməyə imza atdı. Bu Bəyannamə həm də Azərbaycanın və Türkiyənin düşmənlərinə tutarlı mesajdır. Bu Bəyannamə Azərbaycan və Türkiyə dövlətləri arasında bütün sahələrdə inteqrasiyanın nümunəsidir. Ən əsası, bu Bəyannamə region üçün yeni tarixi gerçəklik deməkdir.
Bəli, qardaşlıq missiyasını layiqincə yerinə yetirən Türkiyə İkinci Qarabağ müharibəsində olduğu kimi, savaş bitəndən indiyədək daim Azərbaycanın yanında olub, hər zaman ölkəmizə siyasi, diplomatik və mənəvi dəstək göstərib. Bakıda keçirilən möhtəşəm Zəfər paradında da sevincini, fərəhini xalqımızla bölüşüb. Ümumiyyətlə, Prezident Rəcəb Tayyib Ərdoğanın həmin paradda iştirakı Azərbaycan xalqını qələbə müjdəli gələcəyə ruhlandırıb.
Vətən müharibəsində Türkiyənin müdafiə və xarici işlər nazirləri, digər yüksək vəzifəli rəsmiləri tərəfindən də Azərbaycana birmənalı olaraq siyasi, diplomatik və mənəvi dəstək göstərildi. Bu, xalqımıza çox böyük siyasi və mənəvi güc vermək demək idi.
Burada bir məqamı da vurğulamaq istərdik. İki ölkə arasında hərbi əməkdaşlıq dostluq və qardaşlıq münasibətləri üzərində qurulub. Bu əlaqələr getdikcə möhkəmlənir. Dövlətlərimiz arasında münasibətlərin inkişafında təbii ki, ölkə rəhbərlərinin dostluq münasibətləri mühüm rol oynayır. Azərbaycan Ordusunun silahlanmasına önəmli təsir göstərən "Baykar'' şirkətinin istehsal etdiyi pilotsuz uçuş aparatlarının (PUA) hərbi potensialımızı əhəmiyyətli dərəcədə gücləndirməsi də bu fikrin bariz ifadəsidir. Həmin PUA-ların Vətən müharibəsində səmərəli tətbiqi nəticəsində düşmənə ciddi zərbə vurulması, işğalçının xeyli sayda canlı qüvvəsi və döyüş texnikasının məhv edilməsi də önəmli fakt kimi diqqət çəkir.
Bu amil Türkiyədə müdafiə sənayesinin yüksək sürətlə inkişafından xəbər verir. Artıq dünya üçün sirr deyil ki, Türkiyə istehsalı olan müdafiə sistemlərindən Azərbaycan da Vətən müharibəsində məharətlə istifadə edərək, böyük üstünlük qazanıb.
Azərbaycan ilə Türkiyə arasındakı iqtisadi münasibətlər tarixi-mədəni yaxınlığa və qarşılıqlı strateji tərəfdaşlığa əsaslanır. İkitərəfli iqtisadi əlaqələrdə çoxşaxəlilik və intensivlik müşahidə edilir. Bu əlaqələr ticarət, investisiya qoyuluşları və çoxtərəfli münasibətləri əhatə edən regional layihələrdə özünü daha qabarıq göstərir. Hazırkı iqtisadi tərəfdaşlıq həm Türkiyə və Azərbaycanın ölkə miqyasında, həm də region miqyasında nüfuzunun və iqtisadi gücünün artımında əhəmiyyətli rol oynayır. Türkiyə ilə sıx iqtisadi münasibətimizin böyük inkişaf potensialı vardır. Hər iki ölkə liderləri mövcud iqtisadi əlaqələrin inkişafı üçün böyük səy göstərirlər.
Uzun illərdən bəri iki dost və qardaş dövlətlər arasında mövcud olan strateji münasibətlər və bütün sahələrdə sıx əməkdaşlıq keyfiyyətcə ən mükəmməl formata qədər – müttəfiqlik münasibətlərinədək yüksəlmişdir. Nəzərə almaq lazımdır ki, bu cür yeni münasibətlər arxitekturası kompleks şəkildə təhlükəsizliyinin təmin edilməsində, iqtisadi inkişafın və regional iqtisadi inteqrasiya proseslərinin surətləndirilməsində mühüm rol oynayacaq.  
Şuşa Bəyannaməsinin müasir beynəlxalq hüquq kontekstində dəyərləndirilməsi birmənalı olaraq nümayiş etdirir ki, Azərbaycan və Türkiyə universal beynəlxalq səviyyədə təşəkkül tapmış fundamental hüquq prinsiplərinə - ərazi bütövlüyü, suverenlik, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına sadiqdirlər. Bəyannamə bu prinsipləri ön plana çəkərək, eyni zamanda, gələcəkdə onun Tərəflərinin hər hansı birinin siyası müstəqilliyinə, suverenliyinə və ya təhlükəsizliyinə qarşı yarana biləcək istənilən təhdidlərin qarşısının alınması üçün biri-birinə yardım göstərilməsini nəzərdə tutur. Azərbaycan və Türkiyənin belə bir mövqeyi Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində təşəkkül tapmış məqsəd və prinsiplərə tamamilə uyğundur və nəticə etibarı ilə, Şuşa Bəyannaməsi regionda yeni təhlükəsizlik konfiqurasiyasının formalaşması üçün hüquqi platforma rolunu oynayacaqdır. Azərbaycan Respublikası hər hansı bir dövlətə qarşı heç zaman ərazi iddiaları irəli sürməmiş, beynəlxalq sülhün və dayanıqlı sabitliyin tərəfdarı olaraq, eyni zamanda heç bir dövlətə imkan verə bilməz ki, onun milli maraqlarına və təhlükəsizliyinə qarşı çıxsın. Ermənistanda baş qaldırmaq istəyən revanşıst qüvvələr bilməlidirlər ki, artıq Azərbaycan əbədi olaraq onların xam xülyalarına son qoymuşdur və istənilən təhlükəni anında dəf etmək gücündədir.  
Diqqət çəkən məqamlardan biri də ondan ibarətdir ki, qlobal müstəvidə beynəlxalq birliyin ciddi narahatlığına səbəb olan - terrorçuluq və onun maliyyələşdirilməsi, kütləvi qırğın silahlarının yayılması, mütəşəkkil cinayətkarlıq, çirkli pulların yuyulması, narkotik vasitələrin qanunsuz dövriyyəsi, insan alveri, qanunsuz miqrasiya problemləri ilə mübarizədə Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə əməkdaşlığını gücləndirəcək və dərinləşdirəcək. Birmənalı olaraq bu cür səylər transmilli mütəşəkkil cinayətkarlığla milli, regional və beynəlxalq səviyyədə aparılan mübarizəyə ciddi töfhə verəcəkdir.
Sonda qeyd edək ki, Şuşa Bəyannaməsi ibrət, sədaqət, etibar dərsidir.Türkiyə-Azərbaycan qardaşlığı əbədidir.

Ağdam Dövlət Sosial İqtisad Kollecin Tarix müəllimi  Xaləddin Tağıyev

  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    Bütün xəbərlər
    «    Mart 2024    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    25262728293031
    Qalereya