» Bəkir Yusifov: Heydər Əliyev ideyalarının təntənəsi

Bəkir Yusifov: Heydər Əliyev ideyalarının təntənəsi

  • 9-05-2023, 11:51
  • ---
  • 0
  • 82
Bəkir Yusifov: Heydər Əliyev ideyalarının təntənəsi


Azərbaycan Metal İşçiləri Həmkarlar İttifaqı Federasiyasının Prezidenti Bəkir Yusifov - Tarixə nəzər salsaq görərik ki, hər bir xalqın tarixində ağır və çətin günlər olmuşdur və onu müxtəlif bəlalardan zamanın yetirdiyi liderlər xilas etmişdir.
Zəngin və çoxəsirlik tarixə malik olan Azərbaycan xalqı da zaman-zaman müxtəlif dövrlərdə çətin sınaqlara məruz qalmış və bu çətinliklərdən özünün yetirdiyi liderləri hesabına xilas olmuşdur.

Məhz Azərbaycanın yeni tarixində, 20-ci əsrin sonlarında bu şərəfli xilaskarlıq missiyasını daşımaq Ulu Öndər Heydər Əliyevə nəsib olmuşdur. Danılmaz faktdır ki, Azərbaycan xalqının nicatı, ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəlişi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.

Azərbaycanın demokratik və bəşəri dəyərlərə sadiq müstəqil bir dövlət kimi formalaşması ümummilli lider Heydər Əliyevin uğurlu siyasi fəaliyyətinin bəhrəsidir. Ulu Öndər Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsini, xalqın birliyinin təmin olunmasını, ictimai-siyasi sabitlik və iqtisadi dirçəliş üçün zəmin yaradılmasını özünün dövlətçilik strategiyasının əsas istiqamətləri kimi müəyyənləşdirmişdir. Milyonların sevimlisi olan Heydər Əliyev bütün ömrünü xalqa xidmətə həsr etmiş, müasir Azərbaycan dövlətinin xilaskarı, memarı və qurucusu kimi tarixə düşmüşdür.



Bəşəri kamilləşmənin ən yüksək zirvəsini fəth etmiş Ümummill Liderimiz Heydər Əliyev müasir dünya tarixinə, parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka və fitri istedad sahibi, müdrik dövlət xadimi və beynəlxalq siyasət korifeyi kimi düşmüşdür.

Müstəqil Azərbaycan dövlətinin memarı, Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik irsi və əbədiyaşar ideyaları daim xalqımızın firavan həyatının təmin olunmasına, dövlətimizin güclənməsinə və qüdrətlənməsinə misilsiz töhfələr vermişdir.

Vətəni və xalqı qarşısında misilsiz xidmətlərinə görədir ki, 2023-cü il Azərbaycanda “Heydər Əliyev İli” elan olunmuşdur. Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı ölkənin hər yerində və ölkə hüdudlarından kənarda, hər bir azərbaycanlının yüksək ehtiramı və dərin minnətdarlıq hissi ilə silsilə tədbirlər keçirilir. Ümummilli Liderin zəngin dövlətçilik irsi və əbədiyaşar ideyaları yeni nəslə aşılanır.

Müstəsna xidmətləri ilə əbədilik qazanan Ulu Öndər Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz milli sərvətimizdir. Ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq.

İntibah və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır. Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilmişdir.

Heydər Əliyevin keçdiyi böyük, mənalı və şərəfli həyat yolu zaman və məkan anlayışına sığmır. Dahi şəxsiyyətin xarakterində və fəaliyyətində, doğma xalqına bağlılıq və təəssübkeşlik hələ gənc yaşlarından özünü göstərirdi. Sadə, zəhmətkeş bir azərbaycanlı ailəsində dünyaya göz açan bu böyük insan hələ gəncliyindən yüksək vəzifələr tutmuş, çiyinlərində böyük bir ölkənin yükünü daşımışdır.

Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə ölkə rəhbərliyinə gəlişi keçmiş SSRİ-nin geridə qalmış respublikalarından biri sayılan Azərbaycanda həyat ritmini büsbütün dəyişdi. Ölkədə görünməmiş canlanma və yüksəliş, tikinti-quruculuq işləri başlandı. Məhz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi o illərdə bugünkü dövlət müstəqilliyimizin möhkəm təməli qoyuldu, milli ruh, azərbaycançılıq məfkurəsi yüksəlməyə başladı, kadr korpusunun milliləşdirilməsi istiqamətində qətiyyətli addımlar atıldı. Hər il yüzlərlə gənc müxtəlif, mühüm, o cümlədən hərbi ixtisaslara yiyələnmək üçün SSRİ-nin ən qabaqcıl ali məktəblərinə göndərildi. SSRİ rəhbərliyi tərəfindən təqiblərə və qarşısına qoyulan məhdudiyyətlərə baxmayaraq bu günkü Qalib, Mətin Azərbaycan Ordusunun yetişməsi üçün Naxçıvanski Hərbi Məktəbini yaratdı.

1978-ci ildə Azərbaycan SSR Konstitusiyasının qəbul edilməsi və Azərbaycan dilinin dövlət dili kimi təsbit edilməsi məhz ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərindəndir.

Sonralar Heydər Əliyevin SSRİ kimi nəhəng dövlətin rəhbərliyində Siyasi Büronun üzvü, Nazirlər Soveti sədrinin birinci müavini kimi yüksək mövqe və vəzifə tutması, qürurverici hadisə olmaqla, Azərbaycan üçün xüsusilə böyük önəm kəsb etdi. Heydər Əliyev artan nüfuzundan və yüksək vəzifənin açdığı imkanlardan istifadə edərək, İttifaq büdcəsindən Azərbaycana daha çox vəsait ayrılmasına, bir sıra ittifaqmiqyaslı layihələrin Bakıya yönəldilməsinə nail oldu və nəticədə Azərbaycan keçmiş ittifaqın qabaqcıl respublikalarından birinə çevrildi.

1990-cı illərin əvvəllərində Sovet İmperiyası çökdükdən sonra ölkəmizi bürümüş xaosdan yeganə nicat yolunu Heydər Əliyevin qayıdışında görən Azərbaycan xalqı onu təkidlə hakimiyyətə çağırdı. Xalqımız inanırdı ki, Azərbaycanı düşdüyü bu ağır vəziyyətdən, sosial-iqtisadi, hərbi-siyasi böhrandan yalnız Heydər Əliyev xilas edə bilər. Burada məşhur fransız mütəfəkkiri Volterin “dövlətin xilası üçün bir dahi insan kifayətdir” kəlamı yada düşür. Bəli, Heydər Əliyev də Tanrının Azərbaycan xalqına bəxş etdiyi, zamanında millətinin xilaskarı olmaq üçün göndərilən bir dahi idi.



90-cı illərin əvvəlində tüğyan edən separatçılıq, etnik parçalanma meyillərinin qarşısı Heydər Əliyevin iradəsi ilə alındı. Onun sayəsində üçrəngli bayrağımız dövlət bayrağı kimi qəbul olundu, təxirəsalınmaz tədbirlərin nəticəsi kimi Milli Ordu formalaşdırıldı, Azərbaycanın milli mənafeyini qorumağa qadir nizami silahlı qüvvələr yaradıldı, torpaqlarımızın müdafiəsi ilə bağlı mühüm addımlar atıldı. 1994-cü ilin mayında ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən atəşkəsə nail olundu.

Ulu Öndərin qətiyyəti, sarsılmaz siyasi iradəsi sayəsində Qərb şirkətləri ilə aparılan danışıqlar məntiqi sonluqla yekunlaşdı. 1994-cü ilin 20 sentyabrında Bakıda dünyanın 11 transmilli neft şirkətinin iştirakı ilə "Əsrin müqaviləsi" imzalandı. Bununla da respublikamızın bugünkü və gələcək iqtisadi uğurlarının təməli qoyuldu.

Heydər Əliyevin Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, Ümummilli Lider və xalq məhəbbətini qazanan Ulu Öndər kimi əbədilik qazanması, heç də təsadüfi deyil. Məhz Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ağır günlərdə xalqının iradəsinə tabe olan Heydər Əliyev ölkə rəhbərliyinə qayıdaraq müstəqil Azərbaycan Respublikasını, Azərbaycan xalqını, milli-azadlıq hərəkatında qazanılmış tarixi nailiyyətləri məhv olmaqdan xilas etdi. Bu, sözün əsil mənasında, “ömrümün qalan hissəsini də xalqıma bağışlayıram” deyib, meydana atılan böyük ürəkli Vətən oğlunun öz xalqı, öz Vətəni qarşısında misilsiz fədakarlığı idi.

Ümummilli Lider daxili və xarici qüvvələrin dövlət çevrilişi, sui-qəsd və təxribat cəhdlərinə baxmayaraq öz həyatı, sağlamlığı bahasına gecəli-gündüzlü fədakar əməyi hesabına müstəqil Azərbaycan dövlətini qurdu və möhkəmlətdi.

“Azərbaycan mənim nəfəsimdir, Azərbaycan mənim həyatımdır” deyən Ümummilli Lider bütün ömrünü Azərbaycan xalqına xidmətə həsr etmiş, xalqın xoşbəxt gələcəyi üçün canından keçməyə belə hazır olmuşdur. Azərbaycanlı olmağı ilə fəxr edən dahi, misilsiz fəaliyyəti ilə “Nə qədər ki Azərbaycan var, mən də varam” kəlamını reallığa çevirmiş, özünün Azərbaycanda əbədi olmasını təmin etmişdir.

Ümummilli Lider Azərbaycan tarixində ən görkəmli dövlət xadimi kimi əbədi bir irs, milli sərvət olan – “Heydər Əliyev dövlətçilik məktəbi”ni yaratmışdır. Ulu Öndər "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri sizin dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm" deyərək, xalqa, müəyyənləşdirdiyi siyasəti davam etdirə biləcək dəqiq ünvanı göstərdi və zaman Heydər Əliyevin bu inamını təsdiq etdi.

Bu gün Prezident İlham Əliyev Azərbaycana bacarıqla rəhbərlik edir, öz praqmatik və müdrik siyasəti ilə ölkəmizi irəliyə aparır. Dövlətin sükanının etibarlı əllərdə olduğunu görən xalq öz Prezidentinə daim dəstək verir və onun arxasınca inamla gedir.

Son illərin statistikasına və siyasi xronikasına baxmaq kifayətdir ki, Azərbaycan Respublikasının uğurlu inkişaf mənzərəsi hər kəsin gözü önündə canlansın. Azərbaycanın sürətlə inkişaf etməsi, beynəlxalq aləmdə layiqli yer tutması, Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin misilsiz fəaliyyətinin nəticəsi kimi qeyd edilir.

Bəli, Ulu Öndər Heydər Əliyev ölkəmizi müstəqilliyini itirmək, dünya xəritəsindən silinmək təhlükəsindən xilas edərək tənəzzüldən-inkişaf yoluna çıxardı. Onun layiqli davamçısı Prezident İlham Əliyev isə Azərbaycanın daha da inkişafı üçün geniş imkanlar yaratdı, torpaqlarımızı işğaldan azad etdi, ölkəmizi inkişafdan-tərəqqiyə, tərəqqidən-zəfərə çatdırdı.

Xüsusilə, cənab İlham Əliyevin 2003-cü ildə Prezident seçilməsindən sonra Azərbaycanın inkişafında keyfiyyətcə yeni mərhələ başlandı. Bütün sahələrdə görülən işlər, həyata keçirilən sistemli və məqsədyönlü islahatlar Azərbaycanın milli gücünün artmasını, beynəlxalq aləmdə mövqeyinin və imicinin güclənməsini, xalq-iqtidar birliyinin möhkəmlənməsini təmin etdı. Bu birliyin nəticəsidir ki, Azərbaycan 44 günlük Vətən müharibəsində möhtəşəm qələbə qazanaraq tarixi ədaləti və ərazi bütövlüyünü bərpa etdi. Bu gün artıq işğaldan azad edilmiş torpaqlarımızda üçrəngli bayrağımız dalğalanır, bərpa və quruculuq işləri sürətlə həyata keçirilir, soydaşlarımızın Böyük Qayıdışına başlanılıb.

Məhz bu Böyük Qələbə qürur mənbəyimiz olmaqla, Ata vəsiyyətinin yerinə yetirən Prezident İlham Əliyevin sözünə, vədinə sadiq qalan dövlət başçısı imici qazanmasını, beynəlxalq aləmdə əsil söz sahibi olan ölkə rəhbəri olduğunu təsdiq etdi.

Bu gün xalqımızın hər bir nümayəndəsi Ulu Öndərin yaratdığı Müstəqil Azərbaycan Respublikasının vətəndaşı olmağı ilə fəxr edir və qürur duyur.

Azərbaycanlı olması ilə daim fəxr edən Ulu Öndər qürur yerimizdir və qədirbilən xalqımız tərəfindən daim hörmət və ehtiramla anılacaq, Heydər Əliyev dühasının siyasi uzaqgörənliyinin nəticələri xalqımıza daim uğurlar gətirəcək, Ümummilli Liderin ideyaları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin gərgin əməyi və fəaliyyəti nəticəsində əbədi yaşayacaqdır.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    Bütün xəbərlər
    «    Aprel 2024    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    Qalereya