» Eltun Süleymanov: “Ermənistan və onun ağaları Azərbaycan reallıqlarını qəbul etmək zorundadırlar

Eltun Süleymanov: “Ermənistan və onun ağaları Azərbaycan reallıqlarını qəbul etmək zorundadırlar

  • 5-05-2023, 12:31
  • ---
  • 0
  • 65
Eltun Süleymanov: “Ermənistan və onun ağaları Azərbaycan reallıqlarını qəbul etmək zorundadırlar


Prezident İlham Əliyevin bütövlükdə 20 il ərzində həyata keçirdiyi uğurlu daxili siyasət nəticə etibarilə Azərbaycanın beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsi mənafeyinə xidmət göstərmişdir. Təkcə daxili siyasətdə deyil, xarici siyasətdə də varislik prinsipi qorunub saxlanılmışdır. Başqa sözlə, Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin müəllifi olduğu coxvektorlu, müstəqil və milli maraqlara əsaslanan xarici siyasət kursunu sürətlə dəyişən dünyanın geosiyasi reallıqlarına adekvat olaraq çevik, innovativ və hücum taktikasına əsaslanmaqla davam etdirir. Milli dövlətçilik maraqlarının müdafiəsi həm ikitərəfli, həm də çoxtərəfli formatda həyata keçirilən bu siyasətin başlıca məzmununu təşkil edir. Həmin siyasətin uğurunu təmin edən çoxsaylı parametrlər sırasında birinci mövqedə dayanan amil Prezident İlham Əliyevin beynəlxalq siyasətin aktoru statusuna yüksəlməsi reallığı ilə bağlıdır. Bu statusuna tam adekvat olaraq İlham Əliyev həm daxili, həm də xarici siyasət kursunun həyata keçirilməsi prosesində dərin zəka, iti fəhm, analitik və innovativ düşüncə tərzi, sistemli analiz qabiliyyəti, prinsipiallıq və qətiyyət nümayiş etdirir.
Bu günlərədə ADA Universitetinin təşkilatçılığı ilə Şuşada keçirilən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransda cənab İlham Əliyevin çıxışı, verilən suallara aydın, konkret və qətiyyətli cavabları da bu fikrimizi bir daha qüvvətləndirmiş oldu. Ölkə başçısı 2023-cü ilin “Heydər Əliyev ili” adlandırılmasının səbəblərinə toxunaraq bu dahi şəxsiyyətin Azərbaycana olan sevgisini, dövlətçilik tariximizin parlaq simalarından biri kimi ömrünü dövlətin qurulmasına və inkişafına həsr etməsini qeyd edərək dedi: “Heydər Əliyev həmişə Azərbaycan xalqının maraqlarını qoruyan bir şəxs olmuşdur və bunu zamana, siyasi vəziyyətə baxmayaraq etmişdir. Sovet Azərbaycanı dönəmində 10 ildən artıq müddətdə Sovet Azərbaycanının rəhbəri olanda və hətta ideoloji əngəllər çərçivəsində o, Azərbaycan xalqının maraqlarını qoruyurdu və milli kimliyimizi saxlaya bilməyimiz üçün əlindən gələni etməyə çalışırdı. Yetmişinci illərdə və səksəninci illərin əvvəlində onun tərəfindən atılmış bir çox addıma nəzər salsaq görərik ki, onlar Azərbaycanın müstəqilliyinə hədəflənmişdir. Beləliklə, əlbəttə ki, onun xatirəsinə həsr olunmuş tədbirlər il ərzində davam edəcək. Biz bu məkanda əsasən Azərbaycanın gələcək inkişafı ilə bağlı olan fikir və ideyaların mübadiləsini aparmaqla praktiki addımları müzakirə etmək istəyirik və regional inkişaf proseslərinə də nəzər salmalıyıq. Çünki biz regionda baş verən proseslərə göz yuma bilmərik.”

Bu sözləri aia.az-a verdiyi açıqlamada Nəsimi RİH-nin yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.

Müsahibimiz qeyd etmişdir ki, “konfransın məhz Şuşa şəhərində keçirilməsinin də xüsusi əhəmiyyəti var. Ölkə başçısının qeyd etdiyi kimi ulu öndər Heydər Əliyev Şuşanın azad olunmasını çox arzulayırdı və bu gün azad Şuşada belə bir tədbirin keçirilməsi onun ruhuna hörmətin əlaməti kimi qiymətləndirilməlidir. Bu gün Şuşa şəhərində, eləcə də düşmən işğalından azad edilmiş bütün ərzilərimizdə aparılan abadlqı, quruculuq işləri konfransa toplaşan xarici qonaqları heyrətə gətirir. Çünki erməni vandalizminin nəticələri ilə yaxından tanış olan bu siyasi və ictimai xadimlər bölgədəki prosesləri daim izləyirlər və tez bir zamanda bu qədər işlərin görülməsini heyrətlə qarşılayırlar. Cənab Prezident məhz bu amilə diqqət çəkərə demişdir: “Görüşün Şuşada keçirilməsinin əlbəttə ki, hamımız üçün xüsusi mənası var. Yeri gəlmişkən, keçən ili mən “Şuşa İli” elan etmişdim, çünki bu şəhərin Qarabağ xanı Pənahəli xan tərəfindən yaradılmasının 270-ci il dönümü idi. Şuşa həmişə Azərbaycan şəhəri olmuşdur. Yalnız işğal dövründə iyirmi səkkiz ildən artıq müddət ərzində Şuşa əcnəbi hökmranlıq altında idi. Amma mən bilirəm, siz bizim görüşdən sonra şəhərə ekskursiya edəcəksiniz və özünüz görəcəksiniz ki, işğal dövründə Şuşa demək olar, tamamilə dağıdılmışdır. Bu, bir daha onu göstərir ki, Şuşa heç vaxt ermənilər üçün doğma şəhər olmamışdır. Əgər bu belə olsaydı, onlar onu saxlayardılar, şəhəri dağıtmazdılar, onu inkişaf etdirərdilər. Sizin gördükləriniz və ya görəcəklərinizin əksəriyyəti, binalar ya son iki il yarım ərzində bərpa olunub, ya da sıfırdan tikilib. Heydər Əliyevin ən böyük arzusu Şuşanı azad görmək idi və biz onun arzusunu gerçəkləşdirdik. Biz bununla fəxr edirik, biz buna sevinirik.”
Ölkə başçısı Tükiyə ilə münasibətlərimizin qardaşlıq əlaqələrindən müttəfiqlik münasibətlərinə, starteji əhəmiyyət daşıyan əlaqələrə çevrildiyini, bunun üçün hər iki dövlət rəhbərliyinin göstərdiyi praqmatik yanaşmanı qeyd etdi. Cənab Prezident xüsusən Türkiyə cümhuriyyətinin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Azərbaycana yönəlik siyasətində qətiyyətli, aydın və konkretliyi xüsusi vurğulayaraq demişdir: “Türkiyə və Azərbaycanı rəsmi olaraq müttəfiq edən Şuşa Bəyannaməsi burada, Şuşada, bu binadan bir neçə metr aralıda imzalanmışdır. Bu, tarixi hadisə idi. Buna baxmayaraq, Azərbaycanla Türkiyə arasında münasibətlər de-fakto müttəfiq münasibətləri idi və biz bunu xüsusi olaraq son iyirmi ildə nümayiş etdirmişdik. Prezident Ərdoğanın Türkiyəyə rəhbərlik etdiyi son iyirmi ildə bizim münasibətlərimiz mənim onunla birgə səylərimiz nəticəsində təkcə qardaş xalqlar arasında deyil, eyni zamanda, müttəfiqlər arasında olan münasibətlərə çevrilmişdir. Biz bunu dəfələrlə nümayiş etdirmişik. Buna görə, əlbəttə ki, bu, regional inkişafın önəmli amilidir və siz Azərbaycanın Türkiyənin hərbi müttəfiqi olmasından dolayı olaraq NATO-nun hərbi müttəfiqinə çevrilməsini söyləməklə tamamilə haqlısınız. Yeri gəlmişkən, keçmiş Sovetlər İttifaqına daxil olan müxtəlif ölkələrdə Avratlantik inteqrasiyaya və əməkdaşlığa gedən yola dair müəyyən miskonsepsiya mövcud idi. İstər bu NATO, istərsə də Avropa İttifaqı olsun. Bəli, Azərbaycan rəsmi olaraq istənilən növ razılaşmalara daxil olmadı. Biz hətta “Şərq tərəfdaşlığı” Proqramına üzv olan bəzi dövlətlərdən fərqli olaraq Avropa İttifaqı ilə Assosiasiya sazişinə imza atmadıq. Lakin biz bunu onlarla yaxın olmaq istəmədiyimizə görə etmədik. Biz vahid əməkdaşlıq formatına malik olmaq istəmirik. Fikrimcə və mən bunu tam səmimiyyətlə deyirəm assosiasiya sazişi, sözün əsl mənasında, saziş deyil. Bu, sadəcə, bir sözdür. Bu, həmin formata qoşulmuş ölkələrə təqdim olunmuş, sadəcə, təlimatlardan ibarət bir siyahıdır. Bu, onların seçimidir və biz ona hörmətlə yanaşırıq. Lakin bu, bizim seçimimiz deyil. Biz fərqli yolu seçmişik və biz Avropa İttifaqına üzv olan doqquz dövlət ilə strateji tərəfdaşlıq sazişini və bəyannaməsini imzalamışıq. Beləliklə, bu, üzv dövlətlərin üçdəbirini təşkil edir. Fərqi yoxdur, strateji tərəfdaşlıq haqqında imzalanmış və ya qəbul edilmiş bəyannamələr assosiasiya sazişindən daha böyük dəyərə malikdir.”

Eltun Süleymanov əlavə olaraq bildirmişdir ki, ölkə başısı ona ünvanlana sualları cavablandırarkən konfrans iştirakçıları bir daha əmin oldular ki, cənab İlham Əliyev regiona yaxından bələd olmaqla yanaşı, bu regionun gələcək inkişafı, beynəlxalq münasibətlər sistemində yeri və rolu haqqında kifayət qədər praqmatik ideyala malikdir. Təbiidir ki məhz bu amil bu gün Azərbaycan reallıqlarının dünyaya çatdırılmasında Azərbaycanın siyasi və iqtisadi əlaqələrində, beynəlxalq təşkilatlardakı rolunda təzahür edir və edəcəkdir.
Cənab Prezidentin çıxışında qeyd etdiyi “Siyasətdə üstün münasibətə heç bir haqq qazandırıla bilməz, hansısa ölkələr daha yaxındırsa, hansısa ölkələr o qədər də yaxın deyilsə. Baxmayaraq ki, de-fakto kimin yaxın olduğu da sual altındadır. Həmçinin düşünürəm ki, erməni lobbisinə bütün istinadlar, müəyyən mənada haqq qazandırmalar və ya üzrxahlıqlar da həddən artıq şişirdilib. Bu, mövqeyini açıq şəkildə ifadə etmək istəməyənlər üçün çox yaxşı bəhanədir. Söhbət təkcə ABŞ-dan getmir. Fransaya da baxın. Vəziyyət daha pisdir. Dünyada heç bir ölkənin, o cümlədən Ermənistanın tanımadığı qondarma “Dağlıq Qarabağ”ı Fransa parlamentinin iki palatası tanıyıb. Ona görə də onların real siyasət adlandırdıqları budur. Bir daha erməni lobbisi tərəfindən hər hansı haqq qazandırma şişirdilib” fikri ilə dünyada ikili standartların hələ də mövcudluğu, kimlərinsə mənafe bazarlığı ilə Azərbaycanın məğlub duruma salınması arzularının mümkün olmayacağını diqqətə çatdırıb.
Azərbaycanın ərazi bütövlüyü məsələsinin həlli kimi vacib məsləyə diqqət çəkən ölkə başçısı bu anın da vaxtının çatdığını xüsusi vurğulamaqla bir çoxlarına ciddi mesaj Verdi və dedi: “Qərb ölkələri tərəfindən Azərbaycanın ərazi bütövlüyünə dəstəyin açıq şəkildə ifadə olunmasına gəlincə, düşünürəm ki, bunun vaxtı gələcək, faktiki olaraq artıq gəlir. Vacib olan isə odur ki, Ermənistan özü indi Ermənistanın Qərbdəki bəzi dostlarından daha açıq şəkildə deyir ki, onlar bunu de-fakto tanıyırlar, çünki ötən ilin oktyabrında onlar Praqa Bəyannaməsini, yenə də ötən ilin oktyabrında Soçi Bəyannaməsini imzalayıblar.”
Bəli, reallıq budur və gec-tez bu məsələ həll olunacaqdır. Bu gün Şuşada keçirilən bu çox mühüm tədbirdə qaldırılan məsələlər əslində indiki vaxtda regiondakı sülhə çağırış, inkişafa doğru yol platformasıdır və xüsusi əhıəmiyyıət daşıyır. Ölkəmizin başçısı cənab İlham Əliyevin qətiyyətli mövqeyi və hadisələri incəliklərinə qədər təhlil etməsi, konkret yol göstərməsi də diqqəti cəlb etmişdir. Bu mövqe onun ulu öndər Heydər Əliyevin siyasi kursuna, Vətənə sadiqlik prinsiplərinə əsaslandığından hər bir Azərbaycan vətəndaşında qüruru hissi doğurur. Cənab Prezidentin dediyi kimi o gün yaxınlaşır. İstər-istəməz Ermənistan və onun ağaları bu reallığı qəbul etmək zorundadırlar. Əks təqdirdə ən çox ziyan çəkənlər də elə onlar olacaqdırlar.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    Bütün xəbərlər
    «    Aprel 2024    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    Qalereya